İran Milli Bankı ilə Bakı meriyası arasında məhkəmə çəkişməsi davam edir
Bakı Şəhər İcra Hakimiyyətinin İran Milli Bankının Bakı filialına məxsus binanı sökməsi ilə bağlı məhkəmə çəkişməsi davam edir.
Baku.News bu barədə filialın audit hesabatına istinadən xəbər verir. Xatırladaq ki, Bakı meriyasının yeni parkın tikintisinə dair 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə İran bankına məxsus, vaxtilə hazırda ləğv prosesində olan “Royal Bank” ASC-dən müsadirə edilmiş 9 295 963 manat dəyərində bina sökülüb. Tərəflər hələ də, kompensasiya məsələsində razılığa gələ bilmir.
Bununla belə, Bakı filialının rəhbərliyi ümid edir ki, onların şərtləri qəbul ediləcək. Hazırda məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. İranlılar binanın sökülmə tarixində xalis qalıq dəyəri, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğdə kompensasiya – 9,4 mln. manat pul tələb edir. Bu məbləği 3 iyul 2013-cü il tarixində müstəqil qiymətləndirici şirkət müəyyən edib. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub.
711 dəfə oxundu