Cənubi Azərbaycanda qadınlar sünnət edilir? - Dövlət Departamentinin iddiası

Cənubi Azərbaycanda qadınlar sünnət edilir? -

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri: “İrana qarşı tətbiq olunan sanksiyalar və təzyiqlər İranın nüvə proqramından və ya terror fəaliyyətindən daha çox, insan haqqlarının pozulması ilə əlaqədar olmalıdır”.

“Qadın sünnəti İranda kütləvi hadisə deyil. ABŞ Dövlət Departamenti insan haqqları ilə bağlı daha güclü faktorları qabarda bilər”.

Bu sözləri Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltanı ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına münasibətə dair hesabatının Cənubi Azərbaycanla bağlı hissəsini şərh edərkən PİA.az-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatını açıqlayıb. Hesabatı təqdim edən Dövlət Katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını vurğulayıb. Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində Cənubi Qafqaz ölkəsində baş verən hüquq pozuntuları ətraflı şəkildə təsvir edilib. Həmin hesabatda Azərbaycan əyalətlərində də insan hüquqlarının pozulması, azərbaycanlıların milli və insan haqlarının pozulması vurğulanır.

ABŞ-ın 2018-ci il dünyada insan haqlarına dair hesabatında ən çox tənqid olunan ölkələr arasında İranın xüsusi yer tutur. Bildirilir ki, Maraqlıdır ki, hesabatın İranla bağlı hissəsində Cənubi Azərbaycan əyalətlərinə də böyük yer ayrılıb. Hesabatda göstərilir ki, İran əhalisinin 23-25 faizini təşkil edən, təxminən 18 milyonluq azərilər başqa etnik azlıqlara nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunublar.



Hesabatda o da vurğulanır ki, İran hökuməti azərbaycanlı aktivistləri və təşkilatları təqib edərək, coğrafi adları dəyişdirərək onlara qarşı diskriminasiya siyasəti yürüdür. Beynəlxalq KİV-lərin azərbaycanlı hüquq müdafiəsi qruplarının verdiyi xəbərlərə görə, Şərqi Azərbaycan əyalətində iyul ayında Babək qalasına yürüş ərəfəsində 50-yə yaxın azərbaycanlı həbs olunub, digərləri təhdid edilib.

Hökumət hər il tarixi şəxsiyyət Babək Xürrəmdinin doğum gününü qeyd etmək istəyən minlərlə azərbaycandilli aktivistin qarşısını almaq üçün cəhd göstərib. Bu toplantı Azərbaycan milliyətçiliyində xüsusi əlamətdar hadisə sayılır.

Hesabatda maraq doğuran nüanslardan biri də İranda qadın hüquqları ilə bağlıdır. Dövlət Departamenti İranda qadın hüquqlarından bəhs edərkən qadınların sünnəti olunmasına diqqət çəkir və qadınlara qarşı bu cinayətkar əməlin törədildiyi regionlar arasında Qərbi Azərbaycan əyalətinin də adı çəkilir.

Doğurdanmı, Cənubi Azərbaycanda qadın sünnəti mövcuddur?

Ümumiyyətlə, ABŞ Dövlət Departamentinin sözü keçən hesabatının Cənubi Azərbaycanla bağlı hissəsini yetərli hesab etmək olarmı? Hesabatda göstərilməyən, ya da üstündən keçilən hansı problemlər mövcuddur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib.

Sədrəddin Soltan: “Hesab edirəm ki, İran bölünmüş millətlərin həbsxanasıdır”.

İranda insan haqqlarının pozulması məsələsində ABŞ-ın daha ciddi faktorlar ortaya qoymadığını vurğulayan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltana görə, son 20 ildə İranda insan haqqlarının pozulması intensiv xarakter alıb:

“Hesab edirəm ki, İran bölünmüş millətlərin həbsxanasıdır. ABŞ Dövlət Departamenti hər il insan haqqları ilə bağlı hesabatında İranda insan haqq və hüquqlarının pozulması məsələsini qaldırır. Eləcə də milli dini azlıqların haqqlarının pozulması məsələsini vurğulayır. Bu, ilk dəfə deyil. 2000-ci illərdən başlayaraq İranla bağlı bu məsələ davamlı surətdə önə çəkilir. Həmçinin BMT-nin İnsan Haqqları Şurası da İranda insan haqqlarının pozulmasını vurğulayır.

Son 20 ilə ildə İranda insan haqqlarının pozulması xüsusilə önə çıxıb və bu hal intensiv xarakter alıb. ABŞ-ın keçmiş dövlət katibi Hillary Klinton vəzifədə olduğu vaxtlarda İranda insan haqlarının pozulmasını daha çox qabartmağa başlamışdı. Nəticədə Barak Obama dönəmində ilk dəfə olaraq İranda insan haqqlarını pozduğuna görə ölkənin 8 rəsmisinə qarşı sanksiya tətbiq edildi.

Sədrəddin Soltan: “ABŞ Dövlət Departamenti kimi bir qurum məlumatlar əldə edərək İrandakı vəziyyəti, xüsusən Cənubi Azərbaycandakı vəziyyəti daha dərin təhlil edə bilərdi”.
Bütövlükdə, məsələnin gündəliyə gətirilməsi normal haldır və alqışlanmalıdır. Sadəcə hesabatı daha əhatəli və detallı şəkildə təqdim etmək olardı. Düzdür, İran qapalı ölkə olduğuna görə bir sıra informasiyaların ölkədən xaricə çıxarılmasında problem yaşanır. Lakin ABŞ Dövlət Departamenti kimi bir qurum bu tip məlumatları əldə edərək İrandakı vəziyyəti, xüsusən Cənubi Azərbaycandakı vəziyyəti daha dərin təhlil edə bilərdi. ABŞ Dövlət Departamenti, bir sıra insan hüquqları müdafiəçiləri, təşkilatlar tərəfindən ərəblərin və digər fars olmayan millətlərin haqqlarının tapdalanması məsələsi zaman-zaman dilə gətirilir. Lakin bu İrandakı vəziyyətə müsbət təsir edəcək səviyyədə deyil.

Məslən, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi hüquqşünasdır və insan haqlarını müdafiə etdiyinə görə mükafatlandırılıb. Və yaxud ömrünün çox hissəsini həbsdə yatacaq qadın hüquqları müdafiəçisi, iranlı fəal Nəsrin Sotudəyə 38 il həbs cəzası verilib. Onun həbsi İranda insan haqqlarının pozulması ilə bağlı ciddi faktorlardan biridir.

Hesab edirəm ki, İrana qarşı tətbiq olunan sanksiyalar və təzyiqlər İranın nüvə proqramından və ya terror fəaliyyətindən daha çox, insan haqqlarının pozulması ilə əlaqədar olmalıdır. Xüsusən də fars olmayan millətlərin və ya etnik qrupların haqqlarının tapdalanması ilə bağlı ciddi araşdırmalar olmalıdır və İranda milli haqqların pozulması dünya gündəminin əsas mövzularından biri olmalıdır. Bu zaman İrana qarşı sanksiyalar daha ədalətli görünər.

Sədrəddin Soltan: “Qadın sünnəti İranda ayrı-ayrı dindən və ya düşüncədən qalan bir adətdir. İslam dini və Azərbaycan türklərinin belə bir adəti yoxdur”.
Qadın sünnətinə gəlincə, qadın sünnəti İranda kütləvi şəkildə baş vermir. Bundansa ABŞ Dövlət Departamenti insan haqqları ilə bağlı daha güclü faktorları qabarda bilərdi. Çünki qadın sünnəti İranda ayrı-ayrı dindən və ya düşüncədən qalan bir adətdir. İslam dini və Azərbaycan türklərinin belə bir adəti yoxdur. Hansısa azsaylı millətlər bu adətə həyata keçirə bilər, amma İran üçün xarakterik hal deyil. Bu baxımdan insan haqqlarının pozulması kimi qələmə vermək doğru deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...