“İxtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar” - Prezident

“İxtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar” -

“Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək”.
“Report”un AZƏRTAC-a istinadən xəbərinə görə, bunu Prezident İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı mərasimində deyib.


Dövlət başçısı bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar: “Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur.

İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı layihəsi təqdim edilmişdir. Yəni, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq. Azərbaycan vətəndaşları görəndə ki, sizin kimi savadlı, bilikli gənclər bu sahəyə maraq göstərirlər, əminəm ki, maraq daha da böyük olacaq.

Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun yenidənqurmadan sonra açılışında
iştirak edirik. Onu da bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq.

Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir.

Sizi bir daha salamlayıram, təbrik edirəm. Siz Azərbaycanın müxtəlif bölgələrində işləyəcəksiniz və ümumi işimizə öz töhfənizi verəcəksiniz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...