Göyçaylı milyarderi italiyalılar necə soyub - bir boşanmanın tarixçəsində yeni pərdə

Göyçaylı milyarderi italiyalılar necə soyub -

İtaliya istehsalı olan malların əvəzinə, Fərhad Əhmədovun bağı üçün Bakıdakı mağazalardan “kitayski” mallar alınıb

Adı “Forbes” jurnalının milyarderlər siyahısında yer alan azərbaycanlı biznesmenlərdən biri də Fərhad Əhmədovdur. Hazırda Rusiyanın ən zəngin adamlarından biridir. Vaxtilə Bakıdan Rusiyaya gedəndə isə cibində cəmi 48 rubl pulu olub. Adı xeyriyyəçiliklə yanaşı, qalmaqallı olayların əsas fiqurantı kimi də tez-tez mətbuatın gündəminə gəlir.

Biznesdə böyük uğurlar qazanan Fərhad Əhmədov ailə baxımdan bəxti gətirmişlərdən deyil. Həyat yoldaşı - 41 yaşlı Tatyana Əhmədova onu qoyub qaçıb. Ardından Tatyana Əhmədova Fərhad Əhmədova qarşı iddia qaldırıb, onun varidatının yarısına sahiblənmək üçün məhkəməyə üz tutub.

Arvadla davanın mərkəzində italyanlar da biznesmenə “atıb” - 10 milyon avro

Fərhad Əhmədovun Tatyana Əhmədova ilə 2 il əvvəl başlanan mal-mülk davası bu gün də davam edir. Qalmaqallı boşanma işinə görə beynəlxalq səviyyəli qalmaqalın mərkəzində olduğu günlərdə Fərhad Əhmədov barədə daha bir sensasion xəbər yayılmışdı. Məlum olmuşdu ki, 2 italyan dizayner də 10 milyondan çox avronu Fərhad Əhmədovdan alıb ona “atıb”. Həmin xəbərdə deyilirdi ki, “Paghera Green Service Societa Agricola S.R.L.” adlı İtaliya şirkəti (landşaft dizaynı ilə məşğuldur) biznesmenin barəsində London məhkəməsində 5 milyon dollarlıq təzminat iddiası qaldırıb. İddia ərizəsinə əsasən, 2016-cı ildə şirkət F.Əhmədovun Bilgəhdəki malikanəsinin 6 hektarlıq ərazisinin yaşıllaşdırılmasına və abadlaşdırılmasına dair 12 milyon avro məbləğində müqavilə bağlayıb. Lakin işlərin yekunlaşmasına az qalmış biznesmen 3 milyon avronu ödəməkdən imtina edib və italyan şirkətinin nümayəndələrini qovub.

Həmin dövrdə virtualaz.org bu qalmaqalla bağlı yazırdı ki, Massimo Alberti və Gianfranko Paghera adlı italyan biznesmenlər “xəzinə”-milyarderin pullarının dalınca Bakıya yollanıblar. Həmin günlərdə məlum olmuşdu ki, İtaliya şirkətinin London məhkəməsində iddia qaldırması ilə bir vaxtda rusiyalı biznesmen də italyanların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizələri təqdim edib. Fərhad Əhmədovun qanuni nümayəndəsi Nail Şahverdiyev daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazova və baş prokuror Zakir Qaralova şikayət ərizələri ünvanlayıb. Şikayət ərizələrinə əsasən, Massimo Albertini və Gianfranco Paghera dələduzluq yolu ilə biznesmenin külli miqdarda vəsaitini ələ keçirib mənimsəməkdə günahlandırılırdılar.

Ərizədə deyilirdi ki, F.Əhmədov Bakının Bilgəh qəsəbəsində, Salahzadə küçəsində yerləşən iqamətgahının ərazisinin yaşıllaşdırılması, bağçılıq və abadlıq işlərinin görülməsi üçün 2016-cı ilin iyul-avqust aylarından etibarən həmin İtaliya və İsveçrə şirkətlərinin rəhbərləri ilə danışıqlara başlayıb. “Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətlərinin yaşıllaşdırma-bağçılıq işlərində Avropanın qabaqcıl şirkətləri olduğuna görə biznesmen malikanəsinin ərazisinin abadlaşdırılmasını onlara həvalə etməyi qərara alıb. Həm də ərizədə deyildiyi kimi, Massimo Albertini və Gianfranco Paghera özlərini işgüzar, layiqli və vicdanlı iş adamları kimi təqdim edərək F.Əhmədovun etibarını qazana biliblər. Beləliklə, italyanlarla bir neçə görüşlərdən və danışıqlardan sonra biznesmenin Bakıdakı şirkəti ilə “Paghera Green Service Societa Agricola S.R.L.” arasında 2016-cı il dekabrın 14-də 6 milyon 358 min avroluq müqavilə bağlanır. Müqavilə qiymətinə bütün ağac və bitkilərin, mal-materialların, nəqliyyat-çatdırma, sığorta, idxal-ixrac əməliyyatlarının gömrük xərcləri, həmçinin salınacaq bağın 12 ay qarantiya müddəti ərzində saxlanılması xərcləri daxil edilmişdi.

Ümumi məbləğin 30 faizi depozit qismində əvvəlcədən, daha 30 faizi ikinci mərhələdə, 30 faizi işlərin görülüb qurtarmasından sonra və 10 faizi qarantiya müddətinin başa çatmasından sonra ödənilməli idi. İşlər başlayır və pulların 90 faizi müqavilə bağlanandan iki gün sonra, habelə 2017-ci ilin mart və may aylarında ödənilir-cəmi 5.722 milyon avro. Əlbəttə, müqavilənin bağlanmasından sonra da biznesmen Əhmədov Xəzər sahilindəki sevimli malikanəsinin landşaft işlərinin gedişini müzakirə etmək üçün müntəzəm olaraq Bakıda Albertini və Paghera ilə görüşürdü. Və onlara getdikcə daha çox etimad bəsləməyə başlayırdı. Nəticədə italyanlar Əhmədovu inandıra bildilər ki, onun malikanəsinin ərazisində müqavilədə göstərilən işlərdən əlavə bir sıra işlərin də görülməsi gərəkdir. Təbii ki, bu “əlavə işlər” üçün əlavə milyonlar tələb olunurdu. Əhmədov italyanlara o qədər etibar edir ki, “əlavə işlərin” görülməsi üçün onlarla ayrıca müqavilə bağlamağa lüzum görmür. Əvvəlki müqaviləyə 2017-ci ilin iyul ayında “Razılaşdırılmış büdcə” adı altında cədvəl əlavə edilir və bu cədvəl üzrə milyarder italyanlara daha 5.37 milyon avro ödəməyi boynuna götürür.

Albertini cədvəli razılaşdıran kimi dərhal Əhmədova ilk ödəmə sənədini göndərir. Biznesmen pulu-1.61 milyon avronu İsveçrə banklarından birindəki hesabından ödəyir. Noyabrda isə daha 1.61 milyon avro Albertininin hesabına köçürülür. Beləliklə, italyanlar F.Əhmədovdan cəmi 9 milyon avroya yaxın pul alırlar. Milyonlarla avro İsveçrə bankından italyanların hesablarına axmaqda, Xəzər sahilindəki malikanəyə müxtəlif xarici ölkələrdən bəzək kolları və ağaclar, avadanlıqlar, materiallar daşınmaqda ikən biznesmen qərara alır ki, işlərin hansı keyfiyyətdə görüldüyünü yoxlatsın. Və əsl macəra bundan sonra başlayır. Məlum olur ki, hərəsinin dəyəri minlərlə, yaxud on minlərlə avro olan bəzək ağacları, kolları əkiləndən sonra çox keçmədən quruyub. Müqavilə şərtlərinə əsasən, bütün avadanlıqlar xaricdən idxal edilməli olduğu halda italyanların yerli subpodratçıları Azərbaycanın “sex mallarından” istifadə ediblər. Məsələn, İtaliya istehsalı olan elektrik kabelləri əvəzinə Bakıdakı elektrik malları mağazalarından birindən sex istehsalı, standartlara cavab verməyən kabel alınıb. İşıqlandırmada Çin istehsalı olan ucuz lampalardan istifadə olunub, avtomatik suvarma sistemi qurulmayıb, bir çox işlər yarımçıq qalıb və müqavilə şərtlərinin digər çoxsaylı pozulması halları aşkarlanıb. Bu təftişin nəticələrinə əsasən tərəflər birgə akt tərtib ediblər və imzalayıblar. Akta əsasən italyanlar sadalanan nöqsanları qəbul etmiş olur. Əlbəttə, biznesmen müqavilə şərtlərinin çoxsaylı pozulması faktlarına, italyanların onun milyonlarla avro pulunu faktiki mənimsəməsinə qəzəblənərək qalan vəsaiti ödəməkdən imtina edib. Qeyd olunur ki, müqavilə şərtlərinin pozulmasına, işlərin keyfiyyətsiz görülməsinə görə biznesmenə 1.5 milyon avroya yaxın ziyan dəyib. İtalyanlar həmin pulları qaytarmayıb. Macəralar bununla bitmir.

Belə məlum olur ki, 2018-ci ilin aprelində F.Əhmədovun Bakıdakı şirkətinə “Asnaf” MMC adlı şirkətdən məktub gedib. Həmin məktubda deyilirdi ki, “Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətləri “Asnaf” MMC ilə müqavilə münasibətlərinə malikdir. Və italyan şirkətlərinin “Asnaf”a yüklü miqdarda borcu yaranıb. F.Əhmədovun şirkətində isə “Asnaf” MMC barədə ilk dəfə eşidirdilər. Lakin araşdırmadan sonra məlum olub ki, italyanlar Əhmədovun malikanəsi üçün xaricdən (İtaliya, İspaniya, Moldova) cəmi 115 TIR bəzək kollarını və ağaclarını məhz “Asnaf” MMC-nin adına Azərbaycana idxal ediblər. Niyəsi isə qaranlıq qalır, italyanların bu sxem sayəsində nə qazandıqları məlum deyil. Amma bu da hamısı deyil. Üzə çıxıb ki, italyanlar F.Əhmədovla müqavilə bağlamazdan əvvəl həmin “Asnaf” MMC ilə artıq müqavilə bağlamışdılar. Və bu şirkəti öz sxemlərinə cəlb edə bilmək üçün onlara F.Əhmədovla “Paghera Azərbaycan” MMC arasında 2016-cı il mayın 30-da imzalandığı göstərilən müqavilənin surətini də təqdim edirlər. Müqavilədə göstərilirdi ki, Əhmədov şəxsən özü Bilgəhdəki malikanəsinin ərazisini abadlaşdırmağı bu şirkətə sifariş verir. Əslində isə müqaviləyə F.Əhmədovun adından saxta imza atılmışdı və biznesmen özü nəinki “Paghera Azərbaycan” MMC ilə, eləcə də “Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətləri ilə heç bir müqavilə bağlamamışdı.

2016-cı ilin dekabrında imzalanmış müqavilədə isə deyildiyi kimi, sifarişçi “Baku Caspian Real Estate Limited” şirkəti idi...

Habelə məlum olub ki, italyanlar Əhmədovun malikanəsinə 2017-ci ilin noyabr ayından bu ilin iyun ayına qədər 3 TIR (cəmi 25 konteyner) mal-material gətirib. Amma nədənsə həmin mallar da başqa şirkətin-"Yaşıl bağça" MMC-nin adına idxal edilib. Cənab Albertini isə bunu belə əsaslandırıb ki, həm “Asnaf”, həm “Yaşıl bağça” onlara nəqliyyat-gömrük xidmətləri göstərib. Əhmədovun malikanəsinə daşınan mallar üzərində bu şirkətlərin tam mülkiyyət hüququ olub. Beləliklə, biznesmenin qanuni nümayəndəsi Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edib ki, Paghera və Albertinin barəsində dələduzluq əməllərinə, sənədləri saxtalaşdırmağa görə cinayət işi qaldırılsın. Həmin müraciətə baxılmaqdadır. Eləcə də İtaliyanın Bakıdakı səfiri bu müraciət barədə məlumatlandırılıb. Fərhad Əhmədovun qanuni nümayəndəsinin şikayəti əsasında tezliklə cinayət işinin qaldırılması gözlənilir, çünki bunun üçün kifayət qədər dəlillər, faktlar var.

İtalyanlar isə milyarder Əhmədovun iddialarını rədd edirdilər. Deyirdilər ki, aralarında 300-400 min avroluq narazılıq var, Əhmədov onlara həmin narazılığı aradan qaldırmağa imkan vermir. Üstəlik, onları həbslə hədələyir.

Milyarder Əhmədovun italyanlarla başlayan davasının nə ilə nəticələnməsi haqda məlumatlar yoxdur. Bilinən odur ki, Tatyana Əhmədova bahalı vəkillərin xidmətlərindən istifadə etməklə keçmiş ərinin xəzinəsindən əhəmiyyətli pay qopara bilib.

(davamı gələn sayımızda)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...