“Brexit”in yeni mərhələsi - Britaniya yeni rolda, “dəmirləşən” Mey - ŞƏRH

“Brexit”in yeni mərhələsi - Britaniya yeni rolda, “dəmirləşən” Mey -

Deyəsən, bir zamanlar keçmiş SSRİ-yə və onun başçılıq etdiyi bloka qarşı olan ittifaq və alyans dağılır. Bunun bəzi işartıları da var. Bu günlərdə Prezident Donald Trampın ABŞ-ı NATO hərbi-siyasi blokundan çıxarmaq istədiyi barədə xəbərlər yayılıb. Bir vaxtlar Türkiyənin yalnız 3000-ci ildə Avropa İttifaqına üzv ola biləcəyini demiş Britaniyanın keçmiş Baş naziri Devid Kemeronun ölkəsi İttifaqda bundan sonra 981 il qalmayacaq.

Əslində, son iki gündə Britaniyada çox ciddi siyasi hadisələr baş verir. Yanvarın 15-də Krallığın İcmalar palatasının üzvləri Avropa İttifaqından çıxmaqla bağlı sazişi müzakirə edib. Palatanın 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib. Parlament üzvləri “Brexit” müqaviləsinə əsasən, ölkənin Avropa İttifaqı ilə razılaşdırılmış İrlandiya sərhədləri üzrə plandan birtərəfli imtina etmək (geri qaytarmaq) hüququ verən düzəlişləri təsdiq etməyiblər. Bu sənədin əleyhinə 600 səs, lehinə 24 səs verilib. Bununla da Böyük Britaniya Parlamentinin Lordlar palatası da ölkənin Avropa İttifaqından saziş imzalamadan çıxmasını, yəni “Sərt Brexit” variantını dəstəkləməyib. Sənədin əleyhdarları ilə tərəfdarları arasında 230 səs fərqinin Britaniya parlamentində indiyədək qeydə alınmayan hadisə olduğu bildirilib. Bundan başqa, səsvermənin nəticəsi hökumətin “faciəvi məğlubiyyəti” sayılıb. Müxalifət belə hesab edirdi ki, bu səsvermədən sonra Mühafizəkarlar Partiyasının sədri, Baş nazir Tereza Meyin başçılıq etdiyi hökuməti asanlılqa istefaya göndərmək mümkün olacaq. Ancaq səsvermənin nəticələrindən sonra Baş nazir hökumətə etmadla bağlı məsələni müzakirəsinin yanvarın 16-da keçirməyi təklif etmişdi. İcmalar palatasında baş tutan səsvermədə 325 deputat hökumətin lehinə, 306 deputat isə əleyhinə səs verib. Yeri gəlmişkən, ötən il dekabrın 12-də Britaniya parlamentinin Aşağı palatasında Tereza Meyə etmadsızlıq məsələsi səsverməyə çıxarılmışdı. Onda deputatların 200-ü onun lehinə, 117-si isə əleyhinə səs vermişdi. Yanvarın 16-da keçirilmiş səsvermədən sonra Tereza Mey Krallığın siyasi qüvvələrini birləşməyə və “Brexit”lə bağlı fəaliyyətin variantlarını müzakirə etməyə çağırıb. Bununla da Britaniyanın martın 29-da Avropa İttifaqı ilə münasibətləri tənzimləmədən çıxması dəqiqləşib. Bununla da 2021-ci ilin dekabrınadək Krallığın İttifaqdan çıxması başa çatacaq.

Bu arada 2016-cı il iyunun 23-də Böyük Britaniya və Şimali İrlandiya Krallığında keçirilən referendumun nəticələrinə əsasən, səsvermədə iştirak etmiş seçicilərin 52 faizi Avropa İttifaqından çıxmağın lehinə, seçicilərin 48 faizi isə bu prosesin əleyhinə səs vermişdi. Bu siyasi kampaniyada 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Bu rəqəm Krallıq üçün rekord sayılırdı. Onda Avropa siyasətçiləri bu hadisəni qitə üçün çox “kədərli gün” adlandırmışdılar. Xatırladaq ki, Britaniya 1957-ildə Avropanın inteqrasiyası ilə bağlı Roma müqaviləsini qəbul etməyib. Bununla belə, 1963 və 1967-ci illərdə Avropa İqtisadi İttifaqına üzv olmaq üçün müraciət etsə də, Fransanın o vaxtkı Prezidenti Şarl de Qoll bunun əleyhinə oldğundan ingilislərin bu ideyası başa tutmayıb. 1973-cü ildə Britaniya İttifaqa üzv olub. 1975-ci ildə keçirilən referendumda seçicilərin 67 faizdən çoxu Krallığın birlikdə qalmasının lehinə səs vermişdi. 1993-cü il noyabrın 1-də Niderland Krallığının Maastrixt şəhərində imzalanmış eyniadlı müqavilə nəticəsində Avropa İqtisadi İttifaqı Avropa İttifaqı oldu. Qurum həm də iqtisadi-siyasi birliyə çevrildi. Britaniyanın Avropa İqtisadi İttifaqında fəaliyyətinin 20, Avropa İttifaqındakı 26, bütövlükdə İttifaqda üzvlüyünün 46 ilinə son qoyulur. Düzdür, bu Krallıq üçün elə də asan başa gəlmir. “Ernst and Young” audit şirkəti bildirib ki, “Brexit”lə əlaqədar Britaniyanın bankları da daxil olmaqla maliyyə bazarından 800 mlrd. funt-sterlinq (təxminən, 1 trln. ABŞ dolları) məbləğində vəsait çıxarılıb. Devid Kemeron Britaniyanın İttifaqda qalması tərəfdarı idi. O, referendumun nəticələrindən sonra səlahiyyət müddətini başa çatdırmadan tutduğu vəzifədən istefa verdi. Tereza Mey isə bu prosesin tərəfdarı olsa da, ona öz vəzifəsini saxlamaq asan başa gəlmədi. Kemeronun ölkəsinin 3000-ci ilədək Avropa İttifaqında qalacağına əminliyi heç XXI əsrin ikinci onluğunadək davam etmədi.

Məlum olduğu kimi, 1990-cı ilədək dünya ikiqütblü idi. NATO ilə Varşava Müqaviləsi Təşkilatı, Avropa İqtisadi İttifaqı ilə Qarşılıqlı İqtisadi Yardım Şurası bir-birinin rəqibi idi. SSRİ-i dağıldıqdan sonra Avropa İqtisadi İttifaqı adını və hədəfini dəyişdi. NATO da hərbi blokdan siyasi-hərbi bloka çevrildi. Ancaq Qərb dövlətlərinin təşkil etdiyi hər iki birliyin gələcəyi ilə bağlı nikbin proqnoz söyləmək olmur. Bir müddət əvvəl Avropa İttifaqında yeni hərbi alyansın yaradılması barədə fikirlər səslənirdi. Bu isə NATO-ya zərbə ola bilər. Deməli, keçmiş SSRİ və sosializm düşərgəsi ilə rəqabət aparan beynəlxalq qurumların yeni birliklərə çevrilə biləcəyi ehtimalı da var. Avropa İttifaqı ilə bağlı artıq ilk addım atılıb. Fransada “sarı jiletlilər”in etiraz aksiyasında “Frexit”ə (Fransanın Avropa İttifaqından çıxması) dair şüarlar səsləndirilib. Belə qənaətə gəlmək olar ki, Avropa İttifaqı Britaniyanın daha müstəqil olmasına, sərbəst fəaliyyət göstərməsinə manə olurmuş. Krallıq Afrika, Yaxın və Orta Şərqdə, Hindi-Çində həmişə aparıcı olub. Bu əraziləri imperiyanın müstəmləkəsi edib. Ancaq indi həmin bölgələrdə Britaniya görünmür. Belə düşünmək olar ki, Britaniya keçmiş müstəmləkə torpaqlarına yeni modeldə fərqli siyasi düşüncə ilə qayıtmaq niyyətindədir. Avropa İttifaqı ilə birlikdə fəaliyyət göstərmək Krallığa sərfəli görünmədi. Sadaladığımız ərazilərdə Avropa İttifaqının maraqları təmin olunmur, yaxud onlar həmin ərazidə birlik halında görünmürlər. Ancaq hamıya bazar lazımdır. Fransa keçmiş müstəmləkə torpaqlarına qayıtmaq üçün addımlar atır. Rəsmi Paris Frankofoniyanın fəaliyyətini genişləndirir və gücləndirməyə çalışır. Fransa Prezidenti Emmanuel Makron iki il əvvəl Malinin paytaxtı Bamakoda keçirilmiş “G-5” Sahil Sammitində bildirmişdi ki, ölkəsi Afrika dövlətlərindəki tərəfdaşları ilə Sahil regionunda islamçı militantların məhv edilməsi üçün birlikdə işləməlidir. Sahil blokuna beş ölkə - Mali, Burkina Faso, Mavritaniya, Niger və Çad daxildir. Fransa Suriyada az sayda hərbi kontingent saxladığı halda, həmin ölkələrdə “G-5”lə birlikdə terrorçulara qarşı mübarizə aparır. Fransa minlərlə əsgərdən ibarət hərbi qüvvəsini Malidə yerləşdirib. Onun Afrikadakı fəaliyyətinin Avropa İttifaqındakı müttəfiqlərinə - Britaniya, Estoniya və Yunanıstana heç bir aidiyyəti yoxdur. Fransa öz mənafeyini təmin etmək üçün oradadır.

Nəhayət belə ehtimal etmək olar ki, ingilislər Afrikaya, Yaxın Şərqə, Hindi-Çinə, hətta Qafqaza belə yenidən gəlsin. Görünür, bu ideyanı reallaşdırmaq üçün onun çoxsaylı ortaqlara ehtiyacı yoxdur. Bu layihə üçün çox az sayda müttəfiq lazımdır, o da var. Keçmiş SSRİ-nin dağılması prosesində Britaniyanın mərhum Baş naziri Marqaret Tetçerə “dəmir ledi” deyirdilər. Çünki o, daha qətiyyətli idi. Ölkəsinin yeni nüfuzu üçün fədakarlıq göstərdi. “Dəmir ledi” həm də Mühafizəkarlar Partiyasının lideri idi. Tereza Mey də bu partiyanın sədridir və Krallığın yenidən güclü olması istiqamətində fəaliyyət göstərir. Ona 35 gün ərzində iki dəfə etmadsızlıq göstərməyə cəhd olundu. Bu da Meyin “dəmirləşməyə”, Britaniyanın isə bazarlar uğrunda təkbaşına mübarizə aparmağa başladığını ehtimal etməyə əsas verir. Demək olar ki, Krallıq dünyanın siyasi səhnəsində yeni keyfiyyət halında görünəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...