Etibar Əliyevlə Azər Həsrətin qalmaqalı böyüdü - Qarşılıqlı İTTİHAMLAR

Etibar Əliyevlə Azər Həsrətin qalmaqalı böyüdü -

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət haqqında yenidən tənqidi fikirlər səsləndirib.

Dünənki “söz atışması”nın ardından Etibar Əliyev bu dəfə Azər Həsrəti “Dədə Qorqud” libasını geyinmiş “reket jurnalistə” bənzədib.

Modern.az-ın məlumatına görə, Etibar Əliyev Azər Həsrət haqqında belə deyib:

“Dünən Azər Həsrət mənə cavab verib. Mən onun cavabının yazıları kimi cəfəngiyyat olacağını oxumamışdan bilirdim. Yenə mənasız tərcümüyi-halını yazıb. Energetika Texnikumunu bitirməsindən, Kanadada kurs keçməsindən danışıb. Azər Həsrətin jurnalist olmasındansa, elektrik olmasının ölkəyə daha çox xeyri dəyə bilərdi. Kiməsə işıq çəkər, kiminsə yanmış lampasını dəyişə bilərdi. Kitabxanaçı-biblioqraf işi çətin olduğundan dərhal özünü jurnalistikaya dürtüb. Jurnalistikada fəaliyyəti “reket jurnalist”lərdən qətiyyən fərqlənmir. Yazdığı yazılar, nümayiş etdirdiyi davranış jurnalistikaya üzqaralığıdır. Oturub kiminsə yazısını gözləyir: xoşuna gəlməyən persona olanda "Dədə Qorqud" libasını geyinib düşür ortaya. Mənə qarşı "yazıq" və "bədbəxt" ifadələrini işlədir. Yazıq və bədbəxt adamlar müti, nökər psixologiyalı adamlar olur. Bu keyfiyyətlər Azərin "şəxsiyyət"inin nüvəsini təşkil edir. Özünəvurğunluq bu adamı bədbəxt və gülünc vəziyyətə salıb. Ədəbiyyat tipi kimi Semuel Bekketin Estraqonuna bənzəyir.
P.S.Kəmağıllığın dərcəsinə baxın: müsahibələrinin birində demişdi ki, “elektron poçtu Azərbaycana mən gətirmişəm”. Əlavə şərhə ehtiyac varmı?”.
“Doğrudan da dünyadan bixəbər, Azərbaycan jurnalistikasından anlayışsız olmalısan ki, Azər Həsrət kimi bir insanı “reket”likdə ittiham edəsən”.
Bunu isə Etibar Əliyevin onun haqqında tənqidi fikirlərinə münasibət bildirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət söyləyib. O qeyd edib ki, E. Əliyev yenə də özünü dolaşdırıb:
“O mənə qarşı hətta “reket”lik kimi sarsaq ittihamlar irəli sürür. Bu adamın dünən dediyi ilə bu gün dediyi üst-üstə düşmür. Bir vaxtlar bu insan müxtəlif dairələrdə məni savadlı, dünyagörüşü yüksək olan biri kimi tərif edirdi. İndi nə dəyişdi? Savadımmı, dünyagörüşümmü azaldı, qlobal problemmi oldu ki, mənim haqqımda mənfi düşünməyə başladı?
O iddia edir ki, guya mən haçansa elektron poçtu Azərbaycana gətirdiyimi demişəm. Ağır bir ifadə işlədərdim, amma ayıb olar. Etibar Əliyev, tərbiyən olsun, ədəbin, əxlaqın olsun. Mən belə söz demişəmsə, mənə lənət olsun. Əgər bunu sən özündən uydurursansa, sənə lənət olsun. Niyə adama belə tərbiyəsiz böhtan atırsan? Mən demişəm ki, Azərbaycanda ilk şəxsi internet saytını quran şəxsəm, bunun da arxasında dururam. 1999-cu ildə mən şəxsi internet saytımı özüm qurmuşam. Əksini iddia edən varsa, qarşıma çıxa bilər”.

Azər Həsrət Etibar Əliyevin özünə qarşı belə yanaşmasının səbəbini bilmədiyini söyləyib. O, təhsil ekspertinin keçmiş yazılarını, mövqeyini xatırladaraq, onu tənqid edib:
“Yaxın keçmişdə onun Misir Mərdanovla bağlı yazısını oxumuşdum. O Misir müəllimlə eyni vəzifəni tutmaq istəyən şəxs arasında “seçim” edirdi və yazısında Misir müəllimi yerdən-yerə vurmuşdu. Onun həmin yazısını oxuyanda bu cür biabırçı yanaşma ilə qarşılaşacağımı, bir qələm sahibinin özünü belə alçaldacağını düşünmürdüm.
Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi yazı müsabiqəsi təşkil etmişdi, məni isə münsif kimi dəvət etmişdilər. Biz yeni texnologiyalarla bağlı yazıların dəyərləndirilməsini aparırdıq. Mən həm yeni texnologiyalardan xəbəri olan birisi, həm də bir jurnalist olaraq, münsif heyətində yer almışdım. Etibar Əliyevin də təqdim etdiyi yazı nümunələr sırasında idi. Dəyərləndirmə başa çatdı, qiymətləndirmə mərasimi keçirildi. Etibar Əliyevin təqdim etdiyi yazı lazım olan balı toplamamış, qalib olmamışdı. O bunu biləndə tədbirdə ayağa qalxıb, biabırçı fikirlər şəkildə etiraz etdi ki, Azər Həsrət kimi bu sahədən xəbəri olmayan adam mənim yazılarımı necə dəyərləndirə bilər? Amma bu insan bilmirdi ki, onun yazısına ən yüksək qiyməti mən vermişdim. Bütün bunları ona görə deyirəm ki, Etibar Əliyev həqiqətən də bu bədbaxtçılığının əsiridir. O, bundan sonra bəzi media qurumlarında çıxış edərək ağzına gələni mənim ünvanıma qarşı səsləndirdi. Mən isə təbii olaraq, cavab verdim. Təəssüf ki, mənim də bir müddət yazılarımla çıxış etdiyim “Azadlıq” qəzeti Etibar Əliyevin yazılarına yer verdi, mənim mövqeyimi qeyd etmədi. Çox maraqlıdır, bu qəzet radikal müxalifəti təmsil etdiyi halda dövlət üçün yanıb-yaxılan Etibar Əliyevə yer verir, mənə isə vermir.
Mən bu insan haqqında çox da məlumatlı deyiləm. Dünən isə onun açıqlamasını dinlədikdən sonra bəzi dostlar onunla bağlı mənə materiallar, məlumatlar göndərdilər. Etibar Əliyevin 2009-cu ildə “Yeni Müsavat”da yazısı dərc olunub. O, həmin yazısında Azərbaycan xalqına, Azərbaycan dövlətinə həqarətlə baxan, hər addımda təhqir edən Leyla Yunusu ideallaşdırır. Belə təfəkkürün sahibi Azər Həsrətə çamur ata bilməz”.
“Çox təəssüf edirəm ki, öz qızıldan dəyərli vaxtımı mənasız, qeyri-ciddi insana cavab verməklə sərf edirəm” – deyə Azər Həsrət əlavə edib.

“Etibar Əliyev kimi ünsürlər isə əl –ayağıma dolaşır, vaxtımı alırlar. Amma mən onun kimilərin cavabını verməyə bilmərəm. Çünki sakit duranda deyirlər, qorxdu və susdu. Halbuki, mən Azərbaycan naminə bu günə qədər çalışmışam, bundan sonra da çalışacağam. Cəmiyyətdə baş verən istənilənm neqativ hadisəyə mövqeyimi ifadə etmişəm. Mən heç vaxt qaraya ağ, ağa qara deməmişəm. Yeri gəlmişkən, mən elektrik işlərini də yaxşı bilirəm.
Etibar Əliyev özünü guya gərəkli bir adam kimi sübut etmək istəyir. Müxtəlif təşkilatalara bağlı şəxsdir. Onun kimlər tərəfindən qıcıqlandırıldığını, mənim üzərimə yürüdüldüyünü də bilirəm. Onun özünün də deyil, sahiblərinin yeddi qatının cavabını verə bilərəm. Etibar Əliyevi mənim üzərimə göndərənlər özləri bioqrafamın altında əzilən insanlardır. O, mənim kimi insanın qarşısında heç kimdir. İstər jurnalistikada, istərsə ictimai, siyasi fəaliyyətdə bu insan özünü mənə bulaşdırmasın. Özünə uyğun çevrələrdə davransın, özünə uyğun işlərlə məşğul olsun. Onu mənim qarşımdan çəksinlər, dediyim kimi Azərbaycan üçün gördüyüm və görməkdə olduğum ciddi işlər var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...