Zabratda zəbt olunmuş zeytunluğa görə nazirlikdən təcili telefonoqram göndərildi, amma...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsində, “Neftmaştəmir” ASC ilə üzbəüzdə, dəmir yolu xəttinin kənarındakı təxminən 35-40 sotluq zeytun bağının zəbt olunaraq daş hasara alınması faktı ilə bağlı araşdırma aparıb.
Bu barədə virtualaz.org-a nazirlikdən məlumat veriblər. Nazirlik hasarın sökülməsi üçün bu gün-noyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi telefonoqram göndərib.
“Hasarlanmış ərazidə ağac kəsilməsi qeydə alınmayıb. Amma hasarın sökülməsi və bağda abadlıq işlərinin aparılması üçün icra orqanları tərəfindən təcili tədbir görülməlidir”, -nazirlikdən bildiriblər.
Bakı Şəhər İcra Hakimiyyətindən isə virtualaz.org-a deyiblər ki, faktla bağlı aidiyyatı şöbə məlumatlandırılıb, hazırda araşdırma aparılır. Lakin gün ərzində Bakı şəhər İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlasaq da araşdırmanın hansı nəticə verdiyi barədə məlumat əldə etmək mümkün olmadı.
Xatırladaq ki, Bakı şəhərində ictimai əhəmiyyətli yaşıllıq ərazisinin-çoxillik zeytun ağaclarından ibarət sahənin zəbt edilməsi və hasarlanması faktı president İlham Əliyevin bu kimi əməllərə son qoyulmasına dair cəmi bir ay əvvəl etdiyi növbəti sərt xəbərdarlıqdan sonraya təsadüf edir. Prezident bildirmişdi ki, binaların həyətlərinin, yaşıllıq ərazilərinin tikinti məqsədi ilə zəbt edilməsi yerli məmurların əli ilə baş verir. Lakin göründüyü kimi nə Zabratda həmin ərazini hasarlayanlar, nə buna şərait yaradan yerli məmurlar prezidentin son xəbərdarlığından dərs çıxarmayıblar.
Məsələ ilə bağlı növbəti dəfə Sabunçu rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. M.Mahmudov bu dəfə hasarlanan ərazi ilə bağlı tamam fərqli versiya irəli sürdü: “Həmin ərazini hasarlayanlar deyirlər ki, 2000-ci ildə yerli bələdiyyə bu sahəni onlara uzunmüddətli icarəyə verib. İcarə müqaviləsini göstərdilər. Yəni sənədləri var”.
Axı bu necə ola bilər ki, Zabrat bələdiyyəsi həm birinci dərəcəli avtomobil yolunun, həm dəmiryol xəttinin kənarında yerləşən, bələdiyyə mülkiyyəti olmayan zeytun bağını kafe-restoran açmaq üçün kiməsə icarəyə versin? Bu ki açıq-aşkar qanun pozuntusudur, fırıldaqdır?
M.Mahmudov bu suallar qarşısında konkret cavablar vermək istəmədi. “Bizə bir az vaxt verin, araşdırırıq” dedi.
Xatırladaq ki, ötən gün icra hakimiyyəti başçısının köməkçisi zeytun bağının hasarlanması ilə bağlı iki fərqli cavab da vermişdi. Əvvəlcə bildirmişdi ki, ərazinin qanunsuz hasarlandığı (hansısa DYP əməkdaşı tərəfindən) təsdiqlənib və hasarın dərhal sökülməsi barədə göstəriş verilib. Daha sonra isə bildirdi ki, məsələ araşdırılıb, hasarı çəkənlər bu ərazini hələ 30 il əvvəl-sovet dövründə aldıqlarını, “bütün qanuni sənədlərinin olduğunu” deyiblər. Və sənədləri təqdim etmək üçün onlara vaxt verilib…
818 dəfə oxundu