İcra başçısı deputatdan 30 min manat istədi - Adil Əliyev onun cəzalandırılmasını istəyir
"Vəzifə anlayışı hər kəs üçün fərqlidir. Vəzifəyə oturan insan artıq göylərlə əlləşir”.
Gundeminfo.az xəbər verir ki, bu sözləri musavat.com-un canlı yayımına qatılan deputat Adil Əliyev deyib.
Onun sözlərinə görə, vicdanlı və öz işinin öhdəsindən layiqincə gələn məmurlar var: "Hansılar ki, kişi kimi bu dövlətə xidmət edirlər. Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. İnsanlarımız bu gün müxtəlif problemlərlə müraciət edirlər. Dostumuz, sinif yoldaşımız, əsgərlik yoldaşımız, qohumumuz var. Çevrəmiz genişdir. Bu və ya digər problem üçün bizə müraciət edirlər. Amma bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”
A.Əliyev sözügedən icra başçısının adını çəkməsə də, onun cəzalandırılması üçün müvafiq qurumlara müraciət etdiyini deyib. Müsahib millət vəkili olaraq məmura müraciət etməməyə çalışdığını bildirib: "Qoy mənim dostum məndən incisin. Amma mən məmurlara müraciət etməməyə çalışıram. Vicdanlı məmurlar da çoxdur aralarında. Millət vəkillərinin sorğusuna da cavab verirlər. Vətəndaşların problemlərinə də həssaslıqla yanaşırlar. Amma arada olan bu insanlar məmur adına da ləkə gətirir”.
Deputat söhbət zamanı zaman-zaman mətbuatda barəsində yayılan söhbətlərə də aydınlıq gətirib. Xüsusən də Çexiyada özünə mülk alması iddialarından danışan A.Əliyev aşağıdakıları vurğulayın: "Bəzən böyük maliyyə maxinasiyalarını, dövlətin malına göz dikənləri bir kənara qoyub deyirlər ki, filankəs özünə ev alıb xaricdə. Bu gün maşın alverçisi də ev alır, ev alverçisi də maşın alır. Mənim haqqımda da deyirdilər ki, Çexiyada ev alıb. Adil Əliyev nə vaxt dövlətin cibinə girdi, nə vaxt büdcəni taladı? Çexiyada ikiotaqlı ev almaq Sulutəpədən ucuzdur. Bu gün ev alqı-satqısı ilə məşğul olan istənilən adam özünə nəinki Çexiyada, Londonda da ev ala bilər. Mən bu gün adamlar tanıyıram ki, ev alveri, maşın alveri ilə məşğul olurlar, heç bir savadları da yoxdur, amma millət vəkillərindən daha yaxşı imkanlara malikdir. Kim deyir ki, özünə ev tikib satmaq biznesdir? Mən özümə ev tikib satıram. Bu, nə vaxtdan biznes olub? Burada bahalaşıb, gedib o biri tərəfdə almışam. Sonra o tərəfdə də ev bahalaşıb, o biri tərəfdə almışam. Mən nə vaxt şirkət qursam, özümə işçilər tutsam, onlara məvacib versəm, onda deyərlər ki, mən biznes qurmuşam”.
924 dəfə oxundu