Rusiya nəşrində Mehriban Əliyeva haqqında geniş yazı: “Xeyirxahlıq rəmzi”
Rusiya Federasiyasının Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetinin 23 avqust tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli məqalə dərc olunub.
AzNews.az Azərtac-a istinadən həmin məqaləni təqdim edir:
X X X
Məşhur adamlar haqqında yazmaq çətindir. Öz ölkəsinin hüdudlarından uzaqlarda da məşhur olan insan barədə təzə nə demək olar? Axı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı həqiqətən bütün dünyada tanıyırlar. Hər halda çox məşhur və eyni zamanda, bizə tanış olmayan bu qadının portretinə bəzi ştrixlər əlavə etməyə çalışacağıq.
Açıq ürəklə
Hər bir ensiklopediyada oxumaq olar ki, Mehriban Əliyeva – azərbaycanlı ictimai və siyasi xadim, Azərbaycan Prezidenti İlham Əliyevin xanımı, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası Əlaqələr üzrə işçi qrupun rəhbəri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Bəs bu statuslar siyahısının arxasında nə dayanır? Müasir, məlahətli, qeyri-adi dərəcədə gözəl qadını xeyriyyəçiliklə və ictimai fəaliyyətlə məşğul olmağa məcbur edən nədir? Təkcə həyat yoldaşının – Azərbaycan Prezidenti İlham Əliyevin vəzifəsinə “uyğun olmaq” istəyimi? Onun xarici görkəmi ilə bütün bu işlərdə iştirak etmədən də buna uyğun olmaq mümkün idi. Lakin mənə belə gəlir ki, hər bir insanın məqsədlərinin müəyyən yuxarı həddi, müəyyən həyat oriyentiri var. İnsan öz həyatını ona müvafiq qurur. Əgər birisi mənzil-maşın-əməkhaqqı şəklində firavanlıqla kifayətlənirsə, digəri üçün çox vacibdir ki, onun ətrafında xoşbəxt insanların sayı mümkün qədər çox olsun. Mehriban xanım məhz bu cür xadimlərdəndir. O, məhz bunu istəyir. Buna görə də mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya sahələrində çoxsaylı humanitar layihələrdə iştirak etməklə çox böyük sayda insana kömək edir. Bunu açıq ürəklə, təmiz qəlblə edir – bunu yalnız xeyirxah insanlar edə bilər. Yeri gəlmişkən, bu gözəl qadının adının mənası da “xeyirxahlıq, şəfqət, səmimiyyət, açıqlıq” deməkdir.
Şəfqət prinsipləri əsasında
Mehriban xanım ixtisasca həkimdir, vaxtilə məşhur Seçenov İnstitutunu fərqlənmə diplomu ilə bitirib. İllər keçəndən sonra ona Seçenov adına birinci Moskva Tibb Universitetinin fəxri professoru adı verilib və Mehriban Əliyeva bu münasibətlə keçirilən təntənəli mərasimdəki çıxışında həkimlik peşəsi barədə çox qiymətli sözlər söyləyərək deyib: “Bu, ürək və qəlb peşəsidir. Bu, başqasının halına yanmaq və şəfqət elmidir. Bu, başqasının iztirablarına şərik olmaq bacarığı, köməyə ehtiyacı olan insana yardım əli uzatmaq bacarığı, altruizmdir”.
O, özünün hər bir fəaliyyətində, o cümlədən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində də məhz bu prinsiplərə əsaslanmağa çalışır. Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondun işinin ilk günlərindən onun fəaliyyətinin prioritet istiqamətləri müəyyən edilib: təhsil, səhiyyə, gənc nəslə kömək, ətraf mühitin qorunması, Azərbaycanın zəngin mədəni irsinin təbliği, mədəniyyətlərarası əməkdaşlıq sahəsində layihələr. Fondun dəstəyi ilə Azərbaycanın ucqar bölgələrində 200 müasir məktəb tikilib, səhiyyə sahəsində layihələr, o cümlədən ürək-damar xəstəliklərindən əziyyət çəkən, dayaq-hərəkət aparatında problemləri olan uşaqlara kömək layihələri həyata keçirilib, musiqi festivalları və idman bayramları təşkil edilir, istedadlı gənclər fəal dəstəklənir. Bütün bunlar Fondun ölkə daxilindəki fəaliyyətinin az bir hissəsidir. Lakin Heydər Əliyev Fondu xarici ölkələrdə - Pakistanda, Rumıniyada, İtaliyada, Fransada, Haitidə də layihələr həyata keçirir. Heydər Əliyev Fondunu Rusiya, xüsusən Həştərxan vilayəti ilə sıx münasibətlər bağlayır.
Məhəbbət və minnətdarlıqla
Heydər Əliyev Fondunun dəstəyi ilə regionumuzda nə işlər görüldüyünü biz həştərxanlılar yaxşı bilirik. İki dövlət arasında dostluq münasibətləri kontekstinə Privoljye körfəzi sahil küçəsi, Heydər Əliyev adına park, yeni Dostluq körpüsü, uşaqlar üçün oyun şəhərciyi – Həştərxan uşaqlarının sevimli istirahət yeridir. Eyniadlı məbədin yaxınlığında abadlaşdırılmış meydanda mələksima Knyaz Vladimirin abidəsi, əsaslı təmir edilmiş 11 nömrəli orta ümumtəhsil məktəbi, bu yaxınlarda ilk sakinlərini qəbul etmiş yeni gözəl uşaq bağçası, Nərimanov şəhərindəki park... Fondun bizim regionda həyata keçirdiyi və həyata keçirtməkdə davam etdiyi bütün bu dəyişikliklərin ilham mənbəyi Heydər Əliyevi həmişə məşhurlaşdıran xeyirxah işləri ləyaqətlə davam etdirən Mehriban Əliyevadır. Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin şagirdləri və müəllimləri artıq neçə ildir ki, yay və qış tətillərini Bakıda keçirir, ən yaxşı şagirdlər Fonddan təqaüd alırlar.
Kişilər məni bağışlasın, amma dostluq münasibətlərinin bu cür davamını yalnız qadın təklif edə bilərdi. Mehriban xanım həmişə müxtəlif bölgələrdə uşaqların necə yaşamasını, onların nəyə ehtiyacı olmasına, bir qadın və ana kimi onun fikrincə bu uşaqları nə ilə sevindirmək olacağına fikir verir. 11 nömrəli məktəbin direktoru Tatyana Tixomirova deyir: “Bakıda keçirilən tətillər elə bir bayramdır ki, bizim uşaqlar onu bəlkə də ömürlük yadda saxlayacaqlar. Bu bayramı yalnız səxavətli və xeyirxah ürəkli insan hədiyyə edə bilər. Şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məhz belə insandır. Bizim məktəbə göstərdiyi daimi diqqətinə görə sağ olsun”.
Ağac budaqları
Məsəl var: “Dostunun kim olduğunu mənə de, mən sənin kim olduğunu deyim”. Eyni qayda ilə birisinin uşaqlarını tanıyanda həmin adamın özü barəsində mühakimə yürütmək olar. Əliyevlər cütlüyünün üç övladı və artıq dörd nəvələri var. Bütün uşaqlar yaxşı tərbiyə və təhsil alıblar. Lakin həştərxanlılar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı şəxsən tanıyırlar. Mehriban xanımın böyük qızı bir neçə dəfə Həştərxana gəlib və onun səfərləri həmişə regionun həyatında və iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisələrlə əlamətdar olub. Həştərxanlılar Leylanı əslində öz həmyerliləri hesab edirlər. Gözəl Leyla Fondun işində anasının əsas köməkçisidir. Əgər Mehriban xanım bizim regionda Fondun fəaliyyətinə nəzarət etməyi qızına həvalə edirsə, deməli, ona tam etibar edir. Etimad isə yalnız yaxın insanlara, sənin fəaliyyət xəttini qəbul edən, sənin hərəkətlərini bəyənən, birgə məqsəd və vəzifələri anlayan insanlara göstərilə bilər. Mehriban xanım ləyaqətli qız tərbiyə edib, ona gözəllik və ağıl ilə bərabər, həm də laqeydlikdən uzaq ürək bəxş edib. Əliyevlərin üç övladı onları tanıyanların hamısına xeyirxahlıq və sevgi bəhrəsi verən bir ağacın budaqları kimidir. Mehriban xanımın analıq sevgisi əsas işini görüb: o, öz uşaqlarına insanları sevməyi və bu sevgini bölüşməyi öyrədib, çünki bu hiss olmasa xeyirxah işlər görmək mümkün deyil.
Əsas mükafat
Mehriban Əliyevanın “sandığında” nüfuzlu mükafatlar az deyil. 2005-ci ildə o, “İlin qadını” adına layiq görülüb. Mehriban Əliyeva “Şərəf Legionu” ordeni ilə təltif edilib. O, dünyada “Yaqut Xaç” ordeni ilə mükafatlandırılmış ilk qadındır. Azərbaycan Prezidentinin xanımı bu mükafatı “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun alıb. Lakin Mehriban Əliyevanın özünün dediyi kimi o, həyata keçirdiyi geniş xeyriyyəçilik fəaliyyətinə görə ona təqdim edilmiş “Qızıl ürək” Rusiya mükafatını bütün başqa mükafatlardan artıq qiymətləndirir. Ona “Birlik ulduzları” nominasiyasında dövlətlərarası mükafat da verilib. Bu təltifə əlavə edilən pul mükafatını Mehriban xanım doğma Seçenov İnstitutunun elmi bazasının inkişafına yönəldib.
Onun çoxsaylı təltifləri arasında “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni də var. Azərbaycanın birinci xanımına bu ordeni 2014-cü ilin oktyabr ayında Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təqdim edərək vurğulayıb ki, regionun Fond ilə əməkdaşlığı gözəl mehriban qonşuluq münasibətləri nümunəsidir. Bu nümunə sübut edir ki, müxtəlif millətlərdən olan insanlar, müxtəlif ölkələrin nümayəndələri bir dildə - sülh və dostluq dilində danışa bilərlər.
Mehriban xanımdan soruşsanız ki, onun üçün ən əsas təltif nədir, cavabında eşidərsiniz: insanların hörməti. Planetimizin müxtəlif guşələrindən minlərlə insan Mehriban xanıma həqiqətən çox qiymətli olan bu hədiyyəni bəxş edir – onun tükənməz xeyirxahlığına, səmimiyyətinə və dünyamızı daha yaxşı, daha təmiz və daha gözəl etməyə çalışdığına görə.
Avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür. Adətən qadınlar öz yaşlarını gizlədir. Biz də bu ənənəni pozmayacağıq, hərçənd hansı tarixi desək, ona inanmaq çətindir. Mehriban xanım çox gənc görünür, o, qeyri-adi dərəcədə gözəldir (bəlkə də gəncliyində olduğundan da gözəldir), onun gözlərindən nur yağır. Gözlərin nurlu olması isə xoşbəxtliyin ən dəqiq əlamətidir. Qoy bu xoşbəxtlik uzun müddət davam etsin! Doğum gününüz mübarək, Mehriban xanım!
1311 dəfə oxundu