Asim Mollazadə: “Belə kampaniyaların arxasında erməni diasporu dayanır”
“Belə kampaniyaların arxasında Azərbaycanın inkişafından çox narahat olan erməni diasporu və ermənilərin havadarı olan qüvvələr dayanır. Hər zaman Azərbaycanda Avropa, dünya əhəmiyyətli tədbirlər keçirilən zaman bunu ləkələməyə çalışırlar. Çünki çox gözəl bilirlər ki, Azərbaycanın dünyada imkanları genişlənəndən sonra əsl həqiqətlər, o cümlədən Xocalı həqiqəti dünyaya çatacaq və ermənilər ifşa olunacaq”.
Bunu APA-ya açıqlamasında iyunun 12-də “Platform London”un təşkilatçılığı ilə BP şirkətinin Londondakı baş ofisi qarşısında keçiriləcək aksiyaya münasibət bildirən Avronest Parlament Assambleyası Siyasi Komitəsinin həmsədri, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. O bildirib ki, erməni lobbisinin maliyyə imkanları daha genişdir və bəzi beynəlxalq təşkilatları da öz işlərinə cəlb edə bilirlər: “Demokratiya, insan hüquqları onlar üçün sadəcə, bir vasitədir. Onlar demokratik dəyərləri müdafiə etmək istəsəydilər, Ermənistandakı proseslərə diqqət yetirərdilər. Sadəcə, bu, Azərbaycana qarşı olan kampaniyadır və real müharibənin informasiya-ideoloji müstəvidə davamıdır. Bu cəhdlər heç bir nəticə verməyəcək. İt hürəcək, karvan öz yolu ilə gedəcək”.
Millət vəkili, politoloq Rasim Musabəyov isə qeyd edib ki, nə BP Birinci Avropa Oyunlarına sponsorluqdan, nə də Azərbaycan hökuməti bu oyunları keçirməkdən imtina edəcək: “Bu aksiyanı keçirənlər əslində reallıq hissini itiriblər. Azərbaycan dövləti Birinci Avropa Oyunlarının xərcini, təşkilatçılığı, bir çox əziyyətləri üzərinə götürüb, onlar isə Azərbaycan hökumətini borclu çıxarmaq istəyirlər. Tamamilə məntiqsiz bir yanaşmadır. Getsinlər, Hollandiya hökuməti qarşısında aksiya keçirsinlər ki, Hollandiya növbəti Avropa Oyunlarının keçirilməsinə dəstək verməkdən boyun qaçırıb. Ona görə də bu aksiyanı məntiqsiz sayıram. Əslində belə hadisələrə reaksiya verməyə də lüzum yoxdur”.
Qeyd edək ki, Bakıda I Avropa Oyunlarının açılış mərasimi keçiriləcəyi gün ekoloji yönümlü təşkilat olan “Platform London”un təşkilatçılığı ilə BP şirkətinin Londondakı baş ofisi qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. “Platform London”un BP-yə etirazının səbəbi BP şirkətinin Bakıda keçirilən I Avropa Oyunlarının sponsorları sırasında olmasıdır.
1193 dəfə oxundu