Qırğızıstanda kütləvi iğtişaşlar

Qırğızıstanda kütləvi iğtişaşlar

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasından nümayişçilər tərəfindən azadlığa buraxılıb.

Virtualaz.org bildirir ki, siyasətçi bir qrup etirazçı ilə Komitə rəhbərliyi arasında aparılan danışıqlardan sonra azadlığa çıxıb.

Bundan əvvəl parlament seçkilərinin nəticələri ilə razılaşmayan etirazçılar prezident administrasiyası və parlamentin yerləşdiyi binanı zəbt ediblər.

Kütləvi iğtişaşlar zamanı 590 nəfər xəsarət alıb. Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, onlardan 150 nəfəri xəstəxanaya yerləşdirilib, bir nəfər ölüb.

Bişkekdə aksiyalar oktyabrın 4-də keçirilən parlament seçkilərindən sonra başlayıb. Şəhərin mərkəzində seçkilərin nəticəsi ilə razılaşmayan nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar olub. Şəhərdə partlayışlar və atəş səsləri eşidilib. Polis etirazçıları dağıtmaq üçün su şırnaqları, rezin güllələr və işıqsaçan qumbaralardan istifadə edib. Etirazçılar isə polis əməkdaşlarına daş atıblar. Bir polis maşınının yandırıldığı, altı təcili tibbi yardım maşınına ziyan dəydiyi bildirilir.

Xatırladaq ki, oktyabrın 5-də səhər saatlarında parlament binasının və dövlət başçısı administrasiyasının yerləşdiyi Bişkekin mərkəzi meydanında mitinq başlayıb. Mitinq seçki nəticələrinə əsasən qanunverici orqana daxil ola bilməyən partiyaların nümayəndələri iştirak ediblər. Onlar nəticələrin ləğv edilməsini və səsvermənin yenidən keçirilməsini tələb ediblər. Bununla əlaqədar olaraq 12 partiyanın liderləri seçki nəticələrinin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına imza toplayıblar.

Axşam saatlarınadək aksiyalarda təxminən 6 minə yaxın etirazçı toplaşıb. Ölkənin sabiq prezidenti və həbsdə olan Almazbek Atambayevin oğlu Seyitbek Atambayev də etirazçıların arasında olub.O, seçkilərdə məğlub olan partiyalardan birinin - Qırğızıstan Sosial Demokrat Partiyasının lideridir.

Bu arada qazaxıstanlı politoloq Marat Şibutov bildirib ki, Qırğızıstan Prezidenti Soronbay Jeenbekov güc strukturlarının dəstəyini itirib. O, Jeenbekovun yeni parlament seçkisi təyin etməli olacağını və hətta istefaya gedəcəyini deyib: “Milli Təhlükəsizlik Komitəsinin binasının tutulmasından sonra aydın oldu ki, güc strukturları müqaviməti dayandırıblar. Dövlət güc aparatıdır. Kimdə güc varsa, dövlət də odur. Jeenbekovda hansısa imkan qalmayıb ki, etirazçıları neytrallaşdırsın".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...