Avropa Parlamenti siyasi sifarişlərlə işləyir - RƏY

Avropa Parlamenti siyasi sifarişlərlə işləyir -
Avropa Parlamenti (AP) siyasi sifarişlərlə işləyir.

Bunu Avropa Parlamentində oktyabrın 22-də Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn "pozulması" və Ermənistanla münasibətlərə dair keçiriləcək dinləmələrlə bağlı “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, müşahidələr AP-də keçirilən dinləmələrin qeyri-obyektiv olduğunu göstərir:

“Sadəcə olaraq, əsassız ittihamlar səslənir. İndiyədək Avropa İttifaqı Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Bu baxımdan, budəfəki qətnamələrdən də müsbət nə isə gözləmək doğru olmaz. Ən azından ona görə ki, Avropa Parlamentində və orada təmsil olunan dövlətlərdə Azərbaycana qarşı obyektiv münasibət yoxdur. Onu da deyim ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində belə dinləmələrin keçirilməsi təsadüfi deyil. Rəsmi Bakı əvvəllər də oxşar hadisələrin şahidi olub. Bunlar Azərbaycanın nüfuzuna zərbə vurmağa hesablanmış cəhdlərdir”.

İ.Vəlizadənin sözlərinə görə, Avropa Parlamentinin Azərbaycanla bağlı dinləmələr keçirməsi məntiqsizdir.

“Çünki Azərbaycan Avropa İttifaqı qarşısında heç bir öhdəlik daşımır. İndiyədək heç vaxt İslam Əməkdaşlıq Təşkilatında Avropa ilə bağlı məsələ müzakirə olunmayıb. Elə isə Avropa niyə Azərbaycanı müzakirə edir? Bu, sadəcə olaraq, məntiqsizlikdir. Maraqlıdır ki, Avropa təşkilatları öz üzvlərinə qarşı da qərəzli davranırlar. Məsələn, Macarıstanı korrupsiyada ittiham edirlər. Halbuki Yunanıstan, Portuqaliya kimi daha çox korrupsiyaya yol verən dövlətlərdən danışan yoxdur. Əlbəttə, qəbul edilən qətnamələrə ciddi yanaşmaq lazım deyil. Çünki onlar əsassız və absurddur”, - o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair dinləmələr keçiriləcək. Bu mövzu artıq gündəliyə salınıb və müvafiq “qətnamənin” qəbul olunacağı da gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...