“Sanki minaya düşməyiblər, onları milçək dişləyib“ - Şuşadan qayıdan Aygün Kazımova

“Sanki minaya düşməyiblər, onları milçək dişləyib“ -


Şuşaya səfər edən Xalq artisti Aygün Kazımova kulis.az-a müsahibə verib.

Gundeminfo.az həmin müsahibəni təqdim edir:

- Aygün xanım, Şuşa səfərinizdən hansı təəssüratlarla qayıtdınız?

- Hisslərim o qədər qarışıqdır ki… Bir gözüm gülürdü, bir gözüm ağlayırdı. Bilmirəm mənə belə gəlir, yoxsa doğurdan da belə idi - Şuşada çox qəmli bir səhnə var idi.

- İşğaldan əvvəl Şuşada olmuşdunuz, yoxsa bu, sizin Şuşaya ilk səfəriniz idi?

- İlk səfərim idi. Mən heç vaxt Şuşada olmamışdım. Amma valideynlərim Şuşada çox olublar. Onların Şuşa məscidinin önündə şəkilləri vardı. Mən Azərbaycanın, demək olar ki, bütün şəhər, rayon və kəndlərində olmuşam. Çox sayda konsertlər vermişəm. Hətta istirahət üçün çox vaxt xarici ölkələri deyil, öz rayonlarımızı seçmişəm. Amma Şuşada olmaq başqa idi. Şuşada səhər tezdən oyandım və küçəyə çıxdım. Ətrafda bir sükut var idi. Sakitlik… Günəş yenicə çıxırdı. Ətrafı seyr etməyə başladım. Havasını ciyərlərimə çəkdim. Bu, elə bir duyğudur ki, sözlərlə ifadə etmək çox çətindir. İçimdə həm kədər var idi, həm sevinc. Şuşa elə bil dolmuşdu. Danışmaq istəyirdi. Amma susurdu. Bəlkə, toxunsan hönkür-hönkür ağlayacaqdı. “Şuşanın dağları başı dumanlı” ifadəsi elə-belə söz deyil.

- Aygün xanım, əsgərlərlə görüşdünüz. Onların əhval-ruhiyyəsi necə idi?

- Mən uzun illərdir belə hisslər yaşamırdım. Əsgərləri görəndə bilmirdim özümü necə aparım. Gülümmü, ağlayımmı, sevinimmi… Onları bir-bir qucaqlayıb bağrıma basmaq istəyirdim. Bütün hisslərim bir-birinə qarışmışdı. Burdan o əsgərləri dünyaya gətirən analara səslənirəm. Onları dünyaya gətirən hər bir anaya qurban olum. Hər bir şəhid bizim öz qardaşımız, atamız, oğlumuzdur. Onlar bizə dünyanı bəxş edib köçdülər bu dünyadan. Biz rahat, xoşbəxt yaşayaq deyə öz canlarını qurban verdilər. Özlərini deyil, bizi düşünərək etdilər bunu. Şəhidlərimiz hər zaman yaşayacaq. Ruhları şad olsun. Hər birinə ömür boyu borcluyuq.

- Sizin də həyatınızda bir döyüşçü səhifəsi var. O vaxtkı hisslərinizlə indikilər arasında fərq varmı?

- Mən birinci Qarabağ müharibəsində könüllü cəbhəyə gedəndə tamamilə başqa hisslər keçirirdim. Amma Şuşa məni yaman təsirləndirdi. Hələ də özümə gələ bilmirəm. Əsgərlərimiz elə hadisələr danışırdılar ki, elə bil, film seyr edirdim. Onlar minaya düşmələrini, ayaqlarını itirmələrini, yaralanmalarını elə danışırdılar, sanki bunlara heç bir şey olmayıb. Adi haldır. Sanki minaya düşməyiblər, onları bir milçək dişləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...