18 il əvvəl oğurlanmış qız tapıldı
ABŞ polisi Florida ştatında yerləşən Cesonvill şəhərinin xəstəxanasından oğurlanan yeni doğulmuş qız uşağının taleyinə 18 ildən sonra aydınlıq gətirib. Mobli soyadlı qız bütün bu müddət ərzində onu oğurlayan qadını doğma anası hesab edib.
Gundeminfoaz AzərTac-a istinadla xəbər verir ki, artıq qızın şəxsiyyətini DNK testi də təsdiqləyib. Moblinin bioloji qohumları onun Cənubi Karolina ştatında tapılması xəbərini alsalar da, hələlik qızla görüşə bilməyiblər.
1998-ci ildə Qloriya Uilyams adlı qadın tibb bacısı geyimində xəstəxanaya gəlib və qızın hərarətinin olduğunu bəhanə edərək onu 16 yaşlı anasının yanından oğurlayıb. Xəstəxana əməkdaşları isə Qloriyanın Mobli ailəsinin qohumu olduğunu zənn edərək, ona əhəmiyyət verməyiblər. 51 yaşlı qadına artıq insan oğurluğu üzrə ittiham irəli sürülüb. Günahı sübut edilərsə, Qloriya Uilyams ömürlük həbs cəzasına məhkum oluna bilər.
Qloriya Uilyamsın qonşuları qadının cinayətkar olduğunu təsəvvür etmədiklərini və qıza öz uşaqları ilə birgə gözəl tərbiyə verdiyini bildiriblər. Qızın özü də sosial şəbəkələrdə Qloriyanın cinayətkar olmadığını bildirib və ilkin dinləmələrdə ona ana deyə müraciət edib.
929 dəfə oxundu