Metro, məktəblər açıldı - virusun yayılmasının qarşısı necə alınmalıdır?

Metro, məktəblər açıldı -
Son günlər dünyada koronavirusa yoluxma hallarında artım müşahidə edilir. Bunun nəticəsi olaraq yoluxanların sayı dünyada 30 milyona yaxınlaşır, gündəlik yoluxmaların sayı isə 300 min civarındadır. Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən olan ABŞ, Hindistan və Braziliyada virusun sürətlə yayılması demək olar ki, səngimir. Sözügedən ölkələrdə hər gün on minlərlə insana COVID-19 diaqnozu qoyulur, yüzlərlə insan virusdan vəfat edir.

Bundan başqa, İsrail, Ukrayna və Gürcüstanda gündəlik rekord yoluxma halları qeydə alınır. Həmin ölkələrdə yumşaldılmış karantin rejimi yenidən sərtləşdirilməyə başlayıb: məktəblərin açılması təxirə salınıb, ictimai iaşə obyektlərinin fəaliyyəti yenidən məhdudlaşdırılıb, regional karantin tədbirləri görülüb. Yayın əvvəlində qonşu Türkiyə və İranda koronavirusun yayılmasının səngiməsinə baxmayaraq, son bir neçə həftədə həmin dövlətlərdə də yoluxmaların və virusdan ölüm hallarının sayında kəskin artım qeydə alınıb.

Xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir. Koronavirusun ikinci dalğası barədə ehtimal və proqnozlar tək Azərbaycanda deyil, bütün dünyada mübahisə mövzusudur.

Azərbaycanda isə son zamanlar xüsusi karantin rejimi nisbətən yumşaldılıb, metro və məktəblər açılıb, kafe-restoranların fəaliyyətinə icazə verilib, Bakı, Sumqayıt və Abşerondan rayonlara gediş-gəliş bərpa edilib. Qarşıdan isə payız-qış mövsümü gəlir. Həkimlər hesab edirlər ki, bu mövsümdə kəskin respirator infeksiyalar aktivləşir, infeksion xəstəliklər daha geniş yayılır. Bəs belə bir şəraitdə yoluxmanın yenidən alovlanmaması üçün nə etmək lazımdır? Bu məsələdə cəmiyyətin və dövlətin üzərinə düşən vəzifələr hansılardır?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Report”a açıqlamasında deyib ki, pandemiya dövrü uzun zaman davam etdiyindən bu sahədə artıq müəyyən təcrübə yaranıb: “Ən önəmli məsələ qapalı məkanlarda qoruyucu tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl edilməsidir. Məktəblərin və metronun, eləcə də bir çox ictimai iaşə obyektlərinin açılması pandemiyanın yenidən alovlanmasını şərtləndirən amillərdəndir. Nəzərə alsaq ki, qarşıdan payız-qış mövsümü gəlir və bu zaman orqanizmdə immunitet aşağı düşür, yanaşı xəstəliklər artır. Ona görə də daha diqqətli olmaq lazımdır. İnsanda koronavirusla yanaşı başqa xəstəlik də olanda, nəticədə ciddi fəsadlar yaranır. Odur ki, insanlar daha şüurlu davranmalı və hər kəs başa düşməlidir ki, bu pandemiya hələ uzun zaman davam edə bilər”.

M.Quliyev payız-qış mövsümündə də qoruyucu tibbi maskalardan istifadənin zəruri olduğunu qeyd edib: “Zərurət olmadığı halda bir yerə toplaşmaq olmaz. Məktəblər müəyyən şərtlərlə açılsa da, yenə də valideynlər diqqətli olmalıdır. Çünki azyaşlılarda virus yüngül formada keçsə də, daşıyıcı kimi başqalarını yoluxdura bilərlər. Koronavirusa görə panikaya da ehtiyac yoxdur. Çünki virusun təbiəti artıq bizə bəllidir. Nə qədər ki, virusa qarşı vaksin tapılmayıb və xəstəliyin nə zamana kimi davam edəcəyi bəlli deyil, qorunmaq lazımdır. Dövlətin bu istiqamətdə atdığı addımlar yetərincə uğurludur. Ölkədə kifayət qədər xəstəxana və dərman vasitələri mövcuddur. Ancaq yenə də qeyd etmək lazımdır ki, istənilən müalicədən daha effektiv üsul profilaktidadır. Bu zaman həm az vəsait sərf olunur, həm də insan sağlam qalır”.

Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, koronaviruslu xəstələri müalicə edən həkimlərədn biri olan Mirəsgər Əsgərov isə "Report"a bildirib ki, hər kəs koronavirusla mübarizə tədbirləri çərçivəsində qoyulan qaydalara ciddi əməl etməlidir: “Bu gün ən böyük problem ictimai nəqliyyatda yaşanır. Belə ki, bu nəqliyyat vasitəsindən istifadə edənlər qoruyucu maskanı daha çox çənələrində saxlayırlar. Həftəsonu ictimai nəqliyyatın fəaliyyətini məhdudlaşdırmaqla nəyəsə nail olmaq olmaz. Bəyəm həmin günlər virus istirahətə gedir?! Onsuzda işi olanlar evdən çıxmaq üçün alternativ variantlardan istifadə edirlər. Bu da, təbii ki, əhalinin maddi durumuna zərbə vurur. 30 qəpiyə getdiyi yolu məcbur olub taksi ilə 10 manata gedir. Onsuzda bütün nəqliyyat vasitələrində insanlar sıx olur və çoxu da tələb olunan qaydalara riayət etmir. Hər kəsə uşaq kimi başa salmalısan ki, avtobusa daxil olarkən maska taxın. Maska çənəyə taxmaq üçün yox, ağızı və burunu örtmək üçündür. Metroda da eyni vəziyyət yaşanır. Vaqona daxil olana kimi taxılır, daha sonra çıxarılır. Heç kim də həmin şəxsləri qınamır”.

M.Əsgərov qeyd edib ki, payız-qış mövsümündə hava-damcı yolu ilə yayılan xəstəliklər artır: “Bu zaman da günəş şüalarının azalması və immunitetin aşağı düşməsi müşahidə olunur. Ona görə də həmin vaxtlarda insanlar immun sistemlərini güclü saxlamaq üçün lazım olmayan təmasdan yayınmalı, vitaminli qidaların qəbuluna üstünlük verməlidirlər”.

Virusa yoluxmanın qarşısını almaq üçün tövsiyələrini verən həkim əlavə edib ki, COVID-19-un əlamətləri müşahidə edildikdə mütləq həkimə müraciət etmək lazımdır: “Həkim tövsiyəsi və nəzarəti olmadan müalicənin aparılması zərərli ola bilər. Koronavirus qrip ailəsinə aid olan virusdur, onlar bakteriyalardan fərqli olaraq, hüceyrə ətrafında olmur, o, hüceyrənin daxilinə sirayət edə bilir. Ona görə də bu virusun kor-koranə müalicə edilməsi ağır fəsadlara səbəb ola bilər. Virusun müalicəsi üçün özbaşına qəbul edilən dərmanlar immuniteti aşağı sala bilər. Virusa qalib gəlmək üçün qidalanma da düzgün olmalıdır. İnsanlar immunitetlərini qaldıran qidalardan - ət, qatıq, qaymaq, xama, ayran, şor, yağ, bal, kələm, ispanaq, cəfəri, soğan, sarımsaq, keşniş, şüyüd, kələm, meyvə və giləmeyvələr, tərəvəzlərdən istifadə etsinlər. Virusların orqanimzdən çıxmasına şərait yaradan çoxlu maye də qəbul edilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...