Pərviz Şahbazov: “Bərpa olunan enerji mənbələri ilə bağlı təkliflər prezidentə təqdim ediləcək”

Pərviz Şahbazov: “Bərpa olunan enerji mənbələri ilə bağlı təkliflər prezidentə təqdim ediləcək”

“Azərbaycan Paris Sazişinə qoşulub, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazı emissiyalarının 35%-dək azalmasına dair öhdəlik götürüb və növbəti on ildə elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışır”.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

O, bildirib ki, bu hədəflərə, o cümlədən enerji səmərəliliyinə nail olmağın, istehsaldan istehlakadək dəyər zəncirinin bütün həlqələrinin bir-birindən ayrılaraq, rəqabətli enerji bazarını formalaşdırmağın yolu isə məhz islahatlardan keçir: “Ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq etdiyi “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 29 may 2019-cu il tarixli sərəncamı energetika sektorunda əsaslı dəyişiklikləri təmin edən strateji sənədlərdir. Bu sənədlər energetika sektorunda islahatların istiqamətlərini, vaxtını və hökumətin bu prosesdə qərarlılığını aydın göstərməklə, qısa, orta və uzunmüddətli perspektivdə enerji siyasətinin və ölkənin gələcək enerji mənzərəsinin konturlarını müəyyənləşdirir. Energetika sektorunda institusional islahatların aparılması, bu sahənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, özəl, eləcə də, xarici investisiyaların cəlb edilməsi, rəqabət mühitinin yaradılması və yeni qanunvericilik bazasının yaradılmasından ibarət yeni mərhələyə artıq başlanıb.

Mühüm istiqamətlərdən biri kimi bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflər hazırlanıb. Müvafiq dövlət qurumları ilə müzakirəsi yekunlaşdıqdan sonra təkliflər prezidentə təqdim ediləcək”.

Nazir hesab edir ki, bu sahədə əlverişli investisiya mühitinin yaradılması, ilk növbədə, təşviqedici tədbirlərin formalaşdırılması ilə bağlıdır: “Bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması, zəmanətli tariflərin, güzəştli vergi və gömrük rejimlərinin tətbiqi, bərpa olunan enerji qurğularının tikintisinə və istismarına icazə verilməsinin sadələşdirilməsi və kiçik güclər üçün aktiv istehlakçının dəstəklənməsi təşviqedici tədbirlər kimi nəzərdən keçirilir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması ölkə üçün əlverişli şərtlərin əldə edilməsinə, bu sahədə iri layihələrin həyata keçirilməsinə və investisiya cəlbinə imkan verir. Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış araşdırmalar nəticəsində yüksək potensiala malik 8 sahə müəyyənləşdirilib və bu sahələrdə bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması mümkün hesab edilib. Bu ərazilərdə enerji infrastrukturunun təmin edilməsi və ekoloji qiymətləndirmə üzrə hazırlıq tədbirləri davam etdirilir. Layihələrin həyata keçirilməsi üçün maneələrin və investisiya qoyuluşu üçün riskli sayıla biləcək amillərin aradan qaldırılması yönündə işlər görülür. Eyni zamanda bərpa olunan enerji üzrə istehsal güclərinin ümumi şəbəkəyə inteqrasiyasının təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə aparılan təhlillər əsasında mövcud vəziyyət qiymətləndirilib.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviq edilməsi üçün BP, TOTAL, “Masdar,” “ACWA Power” və bir sıra digər tanınmış beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq həyata keçirilir. Ümumilikdə, 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən daha bir neçə şirkət Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində iri həcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
70 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...