Bir sıra cəzalar yüngülləşdirilib, yeni cəza növləri Cinayət Məcəlləsinə daxil edilib PA rəsmisi
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəticəsində Qanunvericiliyə edilmiş dəyişiklik 14 min nəfərə şamil olunub.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev Bakıda “Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda keçirilən konfransda deyib.
V.İsayev bildirib ki, fərmandan sonra bir sıra cəzalar yüngülləşdirilib, yeni cəza növləri Cinayət Məcəlləsinə daxil edilib: "9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən azad edilib. Həmçinin 1800 şəxsin üzərindən cəza götürülüb ki, onlardan 800-ü azadlıqdan məhrumetmədir. Bu rəqəmlər əfv və amnistiya aktlarını əhatə etmir. Bunlar humanistləşdirmə ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin nəticəsidir”.
695 dəfə oxundu