"Azərbaycan yeni və müasir silahlar alacaq" - Zakir Həsənov
"Azərbaycan yeni və müasir silahlar alacaq". Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. İstanbulda keçirilən "İDEF-2019" XIV beynəlxalq müdafiə sənayesi sərgisinə baş çəkən nazir bildirib ki, sərgidə müasir silah və avadanlıq nümayiş etdirilir: "Biz bu silahların bir qismini istifadə edirik, bir qismini isə Azərbaycan Ordusunda sınağa götürəcəyik və müxtəlif döyüş şəraitində sınaqdan keçirəcəyik. Bununla bağlı müzakirələrimiz oldu, razılıq əldə etdik".
Z.Həsənov vurğulayıb ki, Azərbaycan hansı ölkədən silah alırsa, əvvəlcə onu ciddi şəkildə sınaqdan keçirir: "Bu sınaqlar 1-2 gün yox, ola bilsin, 6 ay, 1 il çəkir. Həmin silahları müxtəlif qoşun növlərində, fərqli hava şəraitində istifadə edib sınaqdan keçiririk, öz fikirlərimizi deyirik. Sonda ortaq bir fikrə gələndən sonra onu silahlanmaya qəbul edirik".
Müdafiə naziri Azərbaycan və Türkiyənin hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə həyata keçirdiyi birgə layihələrdən də danışıb: "Bizim qardaş Türkiyə ilə birgə geniş layihələrimiz var. Bu gün icraatda olan və planlaşdırılan layihələrimiz də çoxdur. Bu sahənin məxfiliyini nəzərə alaraq, mən onların hamısı haqqında danışmaq istəmirəm. Yalnız onu vurğulamaq istəyirəm ki, bu gün Türkiyənin hərbi sənayesi güclü inkişaf edib və ən müasir texnologiyaları tətbiq edir. Təbii ki, Türkiyə öz təcrübəsini, naliyyətlərini Azərbaycanla bölüşür. Bu da bizim ordunun güclənməsinə kömək olur".
737 dəfə oxundu