BVF: Azərbaycanda iqtisadi durum yaxşılaşır

BVF: Azərbaycanda iqtisadi durum yaxşılaşır

"2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalı 1% azalacaq".

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2015-2016-cı illər ərzində Azərbaycan hökuməti tərəfindən görülən müvafiq tədbirlərdən sonra iqtisadi durum yaxşılaşmağa başlayıb: "Biz artıq monetar stabillik müşahidə edirik. Buna baxmayaraq, inflyasiya hələ də ikirəqəmli səviyyədədir. Bu göstərici birrəqəmli olmalıdır. Pul siyasətinə gəlincə, Azərbaycan bunun vasitəsilə stabilliyi təmin edə bilər. Noyabr ayının sonunda bizim missiyamız bir daha ölkəyə səfər edəcək. Bu zaman isə mövcud vəziyyət, o cümlədən 2018-ci illə bağlı büdcə göstəriciləri, proqnozları müzakirə edəcəyik".

Təşkilat rəsmisi qeyd edib ki, BVF Azərbaycanla əməkdaşlığı iki istiqamətdə həyata keçirir: "Bu istiqamətlərdən biri iqtisadi siyasətlə bağlı məsləhətləşmələrin aparılması, digər istiqamət isə texniki yardım məsələləri ilə bağlıdır. Biz bir sıra dövlət qurumlarına texniki yardım göstəririk. Məsələn, Maliyyə Nazirliyinə büdcə kəsirinin azaldılmasında, Mərkəzi Banka isə monetar vəziyyətin idarə edilməsində texniki yardım göstəririk. Hal-hazırda isə hökumət tərəfindən hər hansı maliyyə dəstəyinin göstərilməsi ilə bağlı istək yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...