“İstəyirlər ki, ermənilərin başımıza gətirdiyi faciələri unudaq...“ - Rüstəm Behrudi

“İstəyirlər ki, ermənilərin başımıza gətirdiyi faciələri unudaq...“ -

Müxtəlif dövrlərdə səyyahlar, yazıçılar, filosoflar, tarixçilər, diplomatlar, hökmdarlar - Puşkindən Karl Marksa qədər görkəmli şəxsiyyətlər ermənilər haqqında fikirlər səsləndiriblər. Heç təsadüfi deyil ki, sözügedən şəxslər ermənilərin necə ikiüzlü, riyakar, yalançı, oğru olmalarından söz açıblar. Bununla yanaşı biz özümüz də ermənilərin vəhşi xislətlərinin şahidi olmuşuq. Onlar uzun illər bizə qarşı ərazi iddiasında olublar, həmişə torpaqlarımıza göz dikiblər. Lakin buna baxmayaraq, 90-cı illərədək biz ermənilərlə xoş münasibət içərisində olub qonşuluq etmişik, süfrəmizdə onlara yer vermişik.

Maraqlıdır, bunlar bizim unutqanlığımız, yoxsa ermənilərin hiyləgərliyi ilə bağlı olub?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən şair Rüstəm Behrudi bildirib ki, biz böyük millətik, hər şeyi bağışlayırıq, amma heç nəyi unutmuruq:

“Məşhur fransız tarixçisi var. O, türk millətinə olan sevgisini 2 minillik türk tarixi barədə kitab yazmaqla sübut edib. Onun Viktor Hüqo ilə bağlı maraqlı fikirləri var. Məlumdur ki, Hüqo 3-4 ədəbiyyat adamından biridir. Bütün əsərlərində beynəlmiləlçilik, humanizm var. Lakin onun türk millətinə qarşı böyük riyakarlıq, paxıllıqla dediyi sözlər də var. Bu nifrətin səbəbini fransız tarixçisi belə izah edirdi ki, Hüqo ömrü boyu türklərlə qarşılaşmayıb, sadəcə türklər bütün zamanlarda zirvəyə qalxıblar və bütün xalqlar həmişə onların yerində olmağa çalışıblar, onlar kimi olmaq istəyiblər, lakin bacarmayıblar, Viktor kimi bir fransızın da türklərə nifrəti həmin paxıllıqdan doğan bir şeydir. Mənim babamın ata-anasını ermənilər öldürüb. Biz Ordubadda yaşayanda bizim kəndimiz (Behrud) erməni kəndi ilə qonşu olub. Andronikin ordusu gələndə onlar qaçmaq istəyiblər, həmin vaxt babamın yanında ata-anasını və 14 yaşlı qardaşını güllələyiblər. Bir tayfadan qalan babam, bir də dayısı oğlu olub. Həmin vaxt kənddə 2-3 nəfərdə beşaçılan silah olub. Dayısı oğlu götürüb beşaçılanı gedib iki erməni öldürüb və babamın ata-anasının intiqamını alıb. Yəni biz unutqan deyilik, bunları indi də xatırlayırıq. Ermənilərə normal davranmaq bizim böyüklüyümüzdən doğan bir şeydir”.

Həmsöhbətimiz ermənilərin çox hiyləgər olduqlarını da vurğulayıb:

“Təəssüf ki, biz Nadir şahı öyrənmədik. Orta məktəb dərsliyində keçilmədi. Lakin Azərbaycan və Türk tarixinin ən böyük qəhramanlarından biri də Nadir şah idi. Ondan sonra Azərbaycan öz torpaqlarını hamıya pay verib. Bu bizim gücsüz olmağımızla yox, böyük olmağımızla əlaqədardır. Biz adamları həmişə çətir altına almışıq, hörmət etmişik. 600 il Ərəbistan və orada olan 20-25 dövlətin hamısı Osmanlı imperiyasının tərkibində olub. Türklər ömrü boyu ərəblərə məcbur etməyib ki, onlar türk dilində danışsınlar. Hətta türklər Məkkə və Mədinədə azanı belə ərəb dilində oxudublar. Bu, bir xalqın böyüklüyündən doğan şeydir. Biz unutqan filan deyilik. İndi də onu boynumuza qoymaq istəyirlər ki, biz unutqan olaq, ermənilərin başımıza gətirdiyi faciələri yaddan çıxaraq. Mənim babamın bağ qonşusu var idi, erməniydi. Biz ona kömək edəndə babam bizə əsəbləşirdi, etməməyimizi istəyirdi. Deyirdi ki, o, daşnaqdır. Çünki babamın gözünü qarşısında ata-anasını öldürmüşdülər. Yəni unutqanlıq yalan şeydir. Bu boyda tarix yaradan bir millət öz qəhramanlığını necə unuda bilər? Heç bir xalqın şifahi xalq ədəbiyyatında türk millətinin yaratdığı qədər böyük dastan yoxdur. Biz unutqan olsaq, o dastanları yarada bilərdik? Ermənilərin dastanı yoxdur. Avropadakı xalqların heç biri bizim dastanlarımız kimi dastanlara sahib deyil. Bizim bəlalarımız böyüklüyümüzdən gəlib, hamıya hər şeyi bağışlamışıq”.

Sayad HƏSƏNLİ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...