“Təhsil haqqında” qanuna yenidən baxılmalıdır" - Millət vəkili

“Təhsil haqqında” qanuna yenidən baxılmalıdır" -
"Bizim qanunvericiliyə baxsaq, görərik ki, bir az sovet hökumətindən, bir az Rusiyadan, bir az ABŞ-dan, Bir az Türkiyədən götürülmüş sistem var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, ərazi bütövlüyümüz təmin olunandan sonra “Təhsil haqqında” qanun yenidən müzakirəyə çıxarılmalıdır: “20 ildir, Boloniya eşidirik. Amma hələ də bilinmir ki, bu sistemə keçdik ya yox. Təbii ki, təhsil sahəsində xeyli islahat həyata keçirilib. Bir çox neqativ hal təhsil sistemindən çıxarılıb. İndi artıq qanunvericilik və təşkilati məsələlərdə islahatlar həyata keçirilməlidir. Təhsil millətin gələcəyidir. Burada elə islahatlar aparmalıyıq ki, gələcək nəsil düzgün istiqamətdə yönəlsin. Bakalavrdan sonra magistratura, aspirantura, sonra nə gəlir, bilinmir. Bu, nə qədər davam edəcək?! Bu gün universitetdə dərs deyənə Ali Attestasiya Komissiyası qiymət verir. Belə müəllimlərin çoxunu heç tələbələr dərsə buraxmır. Biz ciddi şəkildə “Təhsil haqqında” qanuna yenidən baxmalıyıq”.

Deputat Razi Nurullayev isə qeyd edib ki, bu gün güclü təhsil sistemimiz var desək, yalan olar: “O qədər kiçik xalqlar var ki, möcüzələr yaradıb. Sinqapur, Vatikan kimi ölkələr elmi kəşflərlə tarix yazır. Biz də bunu edə bilərdik, amma bu təhsil sistemi ilə mümkün deyil. Azərbaycanda kosmik sahədə peyklərimiz olsa da, kadrlarımız yoxdur. Bizdə tibb sahəsində elmi araşdırmalar aparılmır. Aparılırsa, nəticə yoxdur.

Elmin İnkişaf Fondu fəaliyyət göstərir, amma nə fəaliyyət göstərir, bəlli deyil. Təklif edirəm ki, bu fondun nümayəndələrini Milli Məclisə dəvət edək bizə görülən işlərlə bağlı hesabat versinlər. Təhsillə bağlı yeni nazirdən gözləntilər var, amma bu tək nazirlə olan iş deyil. Bu gün təhsil sahəsində görülən işlər dəryada damladır. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı qalmalıyıq?! Biz İsrail kimi dövlət olmalıyıq”.

Milli Məclisin sədri Sahibə Qafarova isə Razi Nurullayeva cavabında bildirib ki, Azərbaycanda təhsil bitməyib : “Biz bu sahədə qanunvericiliyi təkmilləşdirməliyik, həmkarlarımın dediyi kimi”.

Deputat Emin Hacıyev isə bildirib ki, bütün uşaqlara xarici dil öyrənmək əlçatan olmalıdır: “Ölkədə dil öyrənməyi müxtəlif qlobal güclərin təsiri altına düşmən kimi qələmə verənlər yanılırlar. Bu gün müharibə şəraitində müharibədə qalib olmaq üçün xarici dil bilməyin nə qədər vacib olduğunu gördük. Hansı təbəqəyə aid olmasından asılı olmayaraq, dil öyrənmək əlçatan olmalıdır. Dil bilgisi heç bir ölkənin maraqlarına xidmət etmir. Prezident İlham Əliyevin xarici dillərdə verdiyi müsahibələr diplomatik sahədə qələbəmizi şərtləndirir. Heç bir dildə düzgün danışmayan Paşinyanla yanaşı, informasiya savaşında bizə qarşı olan xarici kanalları da Prezident xarici dillərdə möhtəşəm müsahibələri ilə mat qoydu”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...