Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...

Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə -
Xəzər rayonu Buzovna qəsəbəsində, Hava limanının düz yaxınlığındaca 110 fərdi yaşayış evi tikilib istifadəyə verilib, amma nə rayon rəhbərliyinin, nə də bu işə cavabdeh olan digər qurumların xəbəri olmayıb...

AzFakt.com bildirir ki, paytaxtda və ətraf ərazilərdə tikinti işləri aparmağın hansı çətinliklər hesabına başa gəldiyini hamı bilir. Əlaqədar təşkilatların dilin-ağzın bağlamadan daşı daş üstə qoymaq mümkün deyil. Kasıb bədbəxt bir koma tikənəcən onun ömrün-günün elə tikirlər ki, yazıq tikdiyinin içində “oxay” deyib otura da bilmir. Amma...

Ölkəmiz “amma”lar ölkəsidir nə yazıq ki. Kasıb-kusubun evini başına yıxanların bəzən gözü elə bağlanır ki, bütöv bir qəsəbənin tikintisindən xəbər tutmurlar. Qış yuxusuna gedirlərmi, fil qulağında yatırlarmı, bilmirəm. Bildiyim odur ki, Xəzər rayonu Buzovna qəsəbəsində, Hava limanının düz yaxınlığındaca 110 fərdi yaşayış evi tikilib istifadəyə verilib, amma nə rayon rəhbərliyinin, nə də bu işə cavabdeh olan digər qurumların xəbəri olmayıb.

Adamın yadına Sabir rəhmətlyin “pay atonnan, nə ağır yatdı bu oğlan, ölübə” misrası düşür. Qaraca çoban demişkən, “ölmüşmüydün,Qazan, itmişmiydin,Qazan”?

Görəsən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Read Qasımov, elə həmin idarənin Qanunsuz Tikintilərə nəzarət şöbəsinin rəisi Nadir Aslanov necə olub ki, bu boyda həngamədən xəbərsiz qalıblar. 110 evin tikintisini hər gün hava limanından uçan təyyarələr görsə də, bu cənabların gözü bağlanıb, görməyiblər.

Tutaq ki, onların gözlərini bağlayıblar, bəs yerli icra hakimiyyəti orqanları, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarov, Qanunsuz Tikililərə Nəzarət şöbəsinin yeni rəisi Samir Musayev hara baxırdılar? Onlardamı bu boyda qəsəbənin tikintisindən xəbər tutmayıblar?

Necə olur ki, binəva Məmmədhəsən əmi həyətində toyuq hini tikəndə bu cənablar o dəqiqə xəbərdar olur, amma 110 fərdi yaşayış evinin tikintisindən xəbər tutmurlar?

Siz elə bilirsiniz onların “xəbərsiz olduğu” təkcə bu 110 evdir. Əsla, bu 110-nun arxasına hələ neçə sıfır artırmaq olar.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzində şöbə müdiri Fərid Hüseynovun isə deyəsən gözləri çoxdan açılıb. Hər haqq hesabıda çox gözəl bilir. Sədr Ramin Adullayevin "sağ əli" hesab edilən bu məmurun da qohumuna güvənərək "qaz vurub qazan doldurtduğu" bildirilir.

Adını çəkdiyimiz dövlət qurumlarının və onların rəhbərlərinin “xəbərsiz” olduğu tikililərdən hüquq mühafizə orqanları xəbərdar olub. İndi birbaşa Prezident Adminstrasiyasının nəzarətində ciddi yoxlamalar aparılır, əldə olunan məlumatlar birbaşa Baş Prokurorluğa göndərilir. Aparılan yoxlamalardan sonra kürkünə birə düşənlərin, yuxusu ərşə çəkilənlərin sayı çoxalıb. Deyəsən yaxında qanunsuz tikilən evləri görməzdən gələnlərin çoxunun tifağını qanuni yolla dağıdacaqlar.

Öz işinə məsuliyyətsiz yanaşan, qanunlara məhəl qoymayan məmurlar dövlət üçün ən böyük təhlükədir. Cənab prezidentin göstərişi ilə belələrinə qarşı indiyə kimi dəfələrlə sərt tədbirlər görülsə də görünür bu ,bəziləri üçün yetərli dərs olmayıb. Əks təqdirdə böyük bir qəsəbənin tikintisini görməzdən gəlməz, bu boyda qanunsuzluğa imza atmazdılar...

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...