Nazirliyin özəl bağçalarla bağlı elanında daha bir müəmma: "Zəfər" liseyi "Simurq"?
Xəbər verdiyimiz kimi, noyabr ayının 1-dək "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi çərçivəsində 26 özəl bağçaya qəbul prossesi keçirilir.
Qaynarinfo-ya daxil olan məlumata görə, vətəndaşlar arsında bir sıra yerlərdə bağçalara qəbulla bağlı siyahıda çaşqınlıq yaranıb.
Elm və Təhsil Nazirliyi məlumat yayıb ki, Abşeron rayonu Masazır kəndi, V.Quliyev küçəsi, "Yeni Bakı" yaşayış kompleksində fəaliyyət göstərən "Zəfər" liseyi Təhsil Kompleksi bağçasına qəbul elan edilib. Ödəniləcək məbləğ isə 350 manat (250 manat nazirlik, 100 manat valideyn) göstərilib.
Amma nazirliyin Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemində isə "Zəfər" liseyi Təhsil Kompleksi adında heç nə göstərilməyib. Sistemdə bunun əvəzinə "Simurq" liseyi Təhsil Kompleksi göstərilir. Bu da onu deməyə əsas verir ki, nazirliyin keçirdiyi qrant müsabiqəsində şübhələr mövcuddur və onu tələm-tələsik verilən qərar kimi qiymətləndirmək olar.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, suala yalnız üst qurumları olan Elm və Təhsil Nazirliyi cavab verə bilər.
Qeyd edək ki, qrant müsabiqəsində ən çox yeri 4 ay əvvəl yaradılan, daha dəqiq 16.07.2024-cü il tarixində dövlət qeydiyyatından keçən "Barama" Körpələr Evi-Uşaq Bağçası qazanıb. Nazirliyin ilk qrant müsabiqəsində elə bu bağçalar şəbəkəsi 4 yer qazanmışdı.
62 dəfə oxundu