Komandirini ölümdən xilas etdi, özü güllələndi – NEFTÇALA SAKİNİ OĞLUNA ŞƏHİD STATUSU VERİLMƏSİNİ İSTƏYİR

Komandirini ölümdən xilas etdi, özü güllələndi –
Neftçala rayonu, 1 nömrəli Mayak kənd sakini Babayev Azər Qasım oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu təqdim olunub. Şikayətçi iddia edir ki, “N” saylı hərbi hissədə xidmət göstərərkən qətlə yetirilən oğlu Babayev Elmar Azər oğluna şəhidlik status verilmir.

Onun sözlərinə görə, Hadisə 2 mart 2005-ci il tarixində baş verib. Belə ki, Babayev Elmar Azər oğlu əsgər yoldaşları ilə birlikdə təhlükəsizliyin təmin edilməsi üzrə müəyyən olunan döyüş növbəsi tapşırığını yerinə yetirirdi. Bu zaman əsgər Məmmədov Ramil Zakir oğlu postu özbaşına tərk edərək əsgər kazarmasına gəlir. O, növbədə durma müddətini qısaltmaq üçün saat əqrəbini irəli çəkir. Onun qaydaları pozması barədə çavuş İsmayılov Elvin Adil oğlu əsgərləri məlumatlandırır. Bundan qəzəblənən Məmmədov Ramil Zakir oğlu çavuşu öldürməyə cəhd edərkən, komandirini qorumağa çalışan Babayev Elmar Azər oğlunu qətlə yetirir.

“Mən, Babayev Azər Qasım oğlu, yazaraq nəzərinizə çatdırıram ki, oğlum Babayev Elmar Azər oğlu 2004-cü il oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə davam edib. Həmin hərbi hissədə gizli postda 4 əsgər, 2 komandir döyüş növbəsi çəkmə qaydalarını yerinə yetirirdilər. Hər bir əsgər 2 saat arayla növbələrini dəyişirdilər. Nəzarət bir zabit və bir kiçik çavuş olurdu. Onlar düşmən tərəfdən olan bütün hadisələri izləyib, öz hərbi hissələrinə məlumat verirdilər.

Dincəlmə yerləri yeralti qazma şəklində olub. Yeraltı qazmada divar saatından istifadə edərək, növbəni dəyişirdilər. Kiçik Çavuş İsmayılov Elvin divar saatına baxaraq, növbə çəkmə qaydalarının kobud şəkildə pozulmasını aşkar edir. Məsələn, gecə saat “00:00” olmaq əvəzinə, saat “01:00” göstərir. O, bu hadisəni törədən əsgəri izləməyə başlayır. Məmmədov Ramil Zakir oğlu düşmənlə üzbəüz olan postu özbaşına ataraq, qazmaya gizlicə daxil olur. Müddətin bitməsinə az qalmış saatı irəli çəkərək posta geri qayıdır. Bu zaman kiçik çavuş İsmayılov Elvin tərəfindən yaxalanır. Çavuş İsmayılov Elvin ondan təcili şəkildə posta qalxmasını tələb edir.
Komandirini ölümdən xilas etdi, özü güllələndi –

İstirahət zamanı kiçik çavuş dincələn əsgərləri, o cümlədən oğlum Babayev Elmar Azər oğlunu oyadır. Məmmədov Ramil Zakir oğlu haqqında onlara "mənim bu əsgərə artiq etibarım yoxdur, səhər yuxarı komandanlığa məlumat veriləcəkdir" deyə bildirir. Onlardan posta qalxmalarını tələb edir. Əsgərlər posta qalxaraq bu cinayəti törədənin yanına gəlir və Məmmədov Ramilə “hər tərəfimizin düşmən olduğunu bildiyin halda bu əməli niyə törədirsən?!" - deyə iradlarını bildirirlər. Məmmədov Ramil komandirin onlara məlumat verdiyini bildikdən sonra əlində olan silahı ilə "onsuz da mən bu komandiri öldürəcəkdim” deyə qazmaya tərəf addımlayır. Bunu görən oğlum qaçaraq onun önünü kəsir və silahını verməsini tələb edir. Ancaq o, silahı mənim oğluma tuşlayaraq "səsini çıxarma, yoxsa səni də vuraram!" sözlərini deyir. Oğlum Babayev Elmar Azər oğlu qorxmayaraq, qazmada olan komandirini "İsmayılov, ayıq ol!" deyə səsləyir və ona xəbərdarlıq edir. Bunu görən Məmmədov Ramil təxminən 2-3 metr məsafədən atəş açmaqla Babayev Elmar Azər oğlunun ayağının altına 1güllə ataraq qorxutmaq istəyir ki, qazmanın içərisinə girə bilsin. Oğlumun qaçmadığını görüb, yaxın məsafədən ikinci dəfə atəş açır. Babayev Elmar Azər oğlu ağır yaralanır.

Güllə səslərini eşidən komandir və əsgərlər cəld şəkildə qazmadan çölə çıxaraq Babayev Elmar Azər oğlunun yıxıldığını görürlər. Çavuş Elvin İsmayılov "sən nə edirsən?" deyə qışqırır. Məmmədov Ramil silahını kiçik çavuşa tuşlayaraq, 2 güllə də ona vurur. İsmayılov da yerə yıxılır. Daha sonra o, pərakəndə üsulla 16 güllə atdıqdan sonra silahını yerə ataraq qaçır. Həmin an hərbi hissəyə məlumat verilir.

Bu zaman çərçivəsində yaralı Babayev Elmar Azər oğlu əsgər yoldaşlarına "o xainə qaçmağa imkan verməyin", - deyə müraciət edir və xəstəxanaya aparılarkən yolda qan itirməsindən dünyasını dəyişir. Məmmədov Ramil isə Tərtər rayonuna qaçır. Və daha sonra Tərtər rayonunda da həbs olunur.

Məhkəmə zamani verilən izahatında Babayev Elmarı öldürmək niyyətində olmadığını, komandiri öldürməsinə mane olduğu üçün onu vurduğunu etiraf edir.

Ata Babayev Azər Qasım oğlu övladının şəhidlik statusu əldə etmək üçün Neftçala Rayon Məhkəməsinə müraciət etsə də, bu işə baxılmadığını qeyd edirlər.

“Məhkəmədən sonra Oğlum Babayev Elmar Azər oğlu hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunur. Hərbi hissənin arayışında da “xidməti vəzifəsini yerinə yetirərkən güllə yarasından həlak olduğu" qeyd olunub. Buna baxmayaraq, bu günə kimi hələ də şəhidlik statusunu ala bilməyib. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 130.2.3, 120.2.7, 332.3 və 338.1-ci maddələri ilə təqsirləndirilərək, həbs edilir. Həmin maddələr qüvvədə saxlanılır. Məmmədov Ramil Zakir oğlu 14 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkib. Amma məhkəmə mənim oğlumun etdiyi qəhramanlıq haqqında heç bir qərar çıxarmayıb. Elə bil heç belə bir şey olmayıb, çox biganə yanaşırlar. Məhkəmə sədri və hərbi prokuror da mənimlə görüşüb və "çox sağ olun ki, belə bir övlad böyütmüsünüz!" sözlərini deyiblər.

Biz oğlumuzun şəhidlik statusu alması üçün o vaxtkı Hərbi Komissarlığa və Neftçala Rayon İcra Hakimiyyətinə getdik, nəticə olmadı. Həyat yoldaşım Babayeva Şamama Ərəstun qızı 2007-ci ildə oğul dərdinə dözməyərək dünyasını dəyişdi. Mən özüm də Birinci Qarabağ müharibəsi qazisiyəm, veteran statusundayam, 80 manat prezident təqaüdü alıram”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...