6 min manat cərimədən qaçıb gizlənmək istəyən sahibkarın iztirabları - ANALİZ

6 min manat cərimədən qaçıb gizlənmək istəyən sahibkarın iztirabları  -

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciət edib.

POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Nağdsız ödənişlərin aparılması, vergi uçotunun dəqiqləşdirilməsi baxımından yaxşı addımdır. Bu həm də istehlakçı üçün əlverişlidir. Məhsulun geri qaytarılması, ƏDV hesablanması və sair bu kimi hallarda istehlakçıların hüquqları qorunur.

Bəs sahibkar? Kiçik sahibkarlar, yenicə orta sahibkar olmaq istəyənlər?

Onların da inkişafını düşünmək vacib deyilmi?

Axı hər kəs hətta illik dövriyyəsi 200 min manatdan az olan sahibkarlar da POS terminal quraşdırsalar ciddi şəkildə onların biznesi ziyan görəcək.
Mağaza sahibləri POS terminal əldə etmək üçün öncə bu xidməti təklif edən bank seçməlidir. Bundan sonra Şəxsiyyət vəsiqəsi,

VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi), biznes qeydiyyatı sənədləri, bank hesabının məlumatları (əgər mövcuddursa) təqdim etməlidir.
Bundan sonra xidmət təklif edən bank sahibbkara müqavilə təqdim edəcək.

Elə ən böyük çətinlik də bu mərhələdə başlayır. Ölkədə POS Terminal xidməti təklif edən banklar ən az 2 illik müqavilə təklif edir.
Sahibkar 6 ay, 1 il hətta 18 aylıq ticarətlə və ya xidmətlə məşğul olmaq istəyirsə, heç bir bank ona POS Terminal xidməti ilə bağlı xidmət göstərməyəcək.
Bu ilk mərhələdəki problem.

Keçək sahibkarlar üçün iknici problemə, vergi məsələinə.

Əgər sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçibsə, o zaman gəlirdən sadələşdirilmiş vergi tutulur. Bu Bakı şəhərində gəlirin 4%-i, digər bölgələrdə isə gəlirin 2%-i həcmindədir.

Amma burada başqa məqam da var. Orta sahibkarlar üçün illik 200 min manat baryeri.

Əgər mağaza ƏDV ödəyicisi kimi fəaliyyət göstərirsə (illik dövriyyəsi 200,000 manatdan çox olanlar üçün məcburidir), aşağıdakı vergilər tətbiq olunur:
- Hər satışda 18% ƏDV və gəlir vergisi və ya mənfəət vergisi, yəni müəssisənin xalis mənfəətindən 20%-i.
Əlavə olaraq, mağaza işçi çalışdırırsa, əmək haqqı məbləğinə uyğun olaraq sosial sığorta və işsizlik sığortası da ödənməlidir. Bu, işçilərin maaşından və işəgötürən tərəfindən əlavə olunan ödənişlərdən ibarətdir.

İndi isə gəlin POS Terminal xərclərinə diqqət edək!

Azərbaycanda POS terminal vasitəsilə həyata keçirilən hər bir əməliyyatdan bank tərəfindən ümumilikdə 2%-dən 4%-ə qədər komissiya tutula bilər. Bunun da nə qədər böyük məbləğ olduğunu təsəvvür etmək çətin deyil.

Başqa bir məqam - maliyyə imkanları aşağı olan bəzi sahibkarlar POS Terminal cihazlarını satın ala bilmirlərsə, onu müqaviləyə uyğun olaraq icarəyə götürə bilərlər. Lakin bu cihazların da icarəsi aylıq 40-50 AZN civarındadır. İllik POS Terminal icarəsi minimum 500 AZN.

Sahibkar POS Terminalı satın almaq istəyəndə isə bir az da çox xərcə düşür. Məsələn sahibkar bankla ən azı 2 illik (minimum müddət bu qədərdir ) müqavilə bağlayıbsa və POS Terminal cihazı almaq istəyirsə fünksionallığına görə seçim etməlidir.

Məsələn əsas stasionar POS Terminallar, ənənəvi cihazlar 300-600 AZN, Mobil POS Terminallar, bu terminallar simsiz və portativdir, mobil internetlə də işləyə bilir. Qiymətləri isə təxminən 500-900 AZN arasında dəyişir. Smart POS Terminallar, əlavə funksiyalara (əlavə proqramlar, inventar idarəetmə, NFC ödənişləri və s.) malik olan yeni nəsil cihazlardır. Qiymətləri 1100 AZN və daha çox ola bilər.

Azərbaycanda isə vətəndaşlar adətən yeni nəsil POS terminallara üstünlük verir, yəni NFC dəstəkli terminallara. Qiymət isə ən azı 1100 AZN.

Bütün bu xəclərin yaranması kiçik və orta sahibkarlar üçün əlavə yük yaradır. Həm bank POS Terminal xidmətinə görə çox xidmət haqqı tələb edir (hər satışda 3 faizə qədər komissiya), həm POS terminal xidməətinə görə ən qısa müddətli müqavilə 2 illik bağlanır ki, bu da sahibkar üçün zəmanətsiz biznes və risk mühitində təhlükəlidir. Həm də POS terminal cihazları çox baha icarəyə verilir və ya birdəfəlik satılır.

Bütün bu problemlər mövcud olduğu təqdirdə sahibkarları ağır cəriimələr ilə hədələmək yox, sahibkarların POS Terminallar əldə etməsi, bu sistemə qoşula bilməsi üçün ciddi güzəştlərə ehtiyacı var.

Razi Abasbəyli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...