ATƏT İrəvandan ciddi narahatdır
“ATƏT-ə üzv olan dövlət kimi Ermənistan sərbəst toplaşmaq azadlığı hüququnun qorunması və təşviqinə dair üzərinə öhdəlik götürüb. Hazırda İrəvanda etiraz edən insanların hüquqlarına hörmət edilməlidir”
Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Georq Link deyib. “Etirazçılara qarşı su şırnaqlarından istifadə olunması və yüzlərlə etirazçının saxlanılması ciddi narahatlıq doğurur”, - deyə o qeyd edib.
DTİHB direktoru bildirib ki, etirazçılara qarşı ifrat dərəcədə güc tətbiqi və kütləvi həbslərlə bağlı məlumatlar qərəzsiz, ətraflı və dəqiqliklə araşdırılmalı və günahkarlar öz cəzasını almalıdır.
Qeyd edək ki, Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir. Etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edilib və 237 nəfər saxlanılıb. Paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb. Etiraz dalğası dünən gecə də canlanıb və hazırda davam edir.
(Apa)
1273 dəfə oxundu