Türkiyəli ekspert: Fransanın casus fəaliyyətinin ifşası davam edir

Türkiyəli ekspert: Fransanın casus fəaliyyətinin ifşası davam edir


Fransanın Yaxın Şərq və Qafqazda casusluq fəaliyyətinin ifşası davam edir.

Bunu “Report”un Ankara bürosuna Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı - MİT) Fransa casus şəbəkəsinə qarşı apardığı son əməliyyatı şərh edərkən bildirib.

Ekspertin fikrincə, Fransa Yaxın Şərq və Qafqaz regionunda insanlar arasında qarşıdurma yaratmaqla öz maraqlarını həyata keçirmək niyyətindədir: “Xüsusilə Suriya, İraq, Türkiyə və Azərbaycanda bu iğtişaşları törədir. 2016-cı ildə Suriyadan daxil olarkən Hatayda partlayıcı qurğularla yaxalanan erməniəsilli Fransa vətəndaşı, xüsusi təlim keçmiş Artium Aloyanın açıqlamaları bununla bağlı hansı çirkin planların həyata keçirildiyini açıq şəkildə göstərdi. Belə faktlar çoxdur”.

Ekspert Fransa xüsusi xidmət orqanlarının Şərqi Avropa və Qafqazdan başqa, Mərkəzi Asiya, Yaxın Şərqin bir çox ölkələrində də təxribat və casusluq şəbəkələri yaratmaq cəhdlərinin olduğunu deyib.

Azərbaycanda Fransanın casusluq fəaliyyətinin artmasını isə ekspert Qarabağ zəfəri ilə əlaqələndirib: “Möhtəşəm qələbədən sonra Cənubi Qafqazda sülhün bərqərar olmasından narahat olan Fransa Ermənistan rəsmiləri ilə görüşür və onları münaqişəni davam etdirməyə çağırır. Ötən ilin sonunda Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən üzə çıxarılan casusluq şəbəkələri bunun ən bariz nümunəsidir. Hadisədən sonra Fransa Xarici İşlər Nazirliyinin “Azərbaycanda saxlanılan Fransa vətəndaşı dərhal azadlığa buraxılmalıdır” bəyanatı və parlamentin Azərbaycana qarşı qəbul etdiyi tələsik qərarlar günahlarını ört-basdır etmək məqsədi daşıyırdı”.

G.Alparın fikrincə, Fransa kəşfiyyatı və diplomatiyası nə qədər başqa regionlarda qarışıqlıq yaratma cəhdi edirsə, o qədər də ölkənin problemləri, xalqın etirazları artır: “Başqa regionlarda sülhə, əmin-amanlığa əngəl olma cəhdləri göstərən Fransa kəşfiyyatı hər yerdə uğursuzluğa düçar olur. Əslində, Azərbaycan Fransanın məxfi casusluq şəbəkələrini ifşa etdikdən və bütün sənədlər açıqlandıqdan sonra prezident Emmanuel Makron Xarici Təhlükəsizlik Baş İdarəsinin (DSGE) rəhbəri Bernard Emieni vəzifəsindən azad etməyə məcbur oldu. Bu ifşadan sonra cəhdlərini davam etdirsələr də, növbəti uğursuzluğa düçar olurlar”.

Fransa kəşfiyyatının İstanbuldakı fəaliyyəti və ələ keçirilən casusluq şəbəkəsini şərh edən ekspert Türkiyə MİT-in bu istiqamətdə təhlükəsizlik tədbirlərini gücləndirdiyini deyib: “MİT bu dəfə də uğurlu əməliyyatla Türkiyədə fəaliyyət göstərən DGSE-nin casus əməllərini aşkarladı. Əldə edilən məlumatlar və sənədlər göstərir ki, Suriya böhranı başlayandan bəri Türkiyə bölgə xalqına hər cür yardım göstərir. Fransa isə Suriya böhranını öz çirkin niyyətlərinin fürsətinə çevirir. Onlardan sığınacaq istəyən suriyalı ailələri Türkiyə əleyhinə yalan məlumat yaymağa məcbur edir, bunu ölkəmizin əleyhinə istifadə niyyəti ilə reallaşdırır. Məqsəd də Türkiyənin miqrasiya siyasətini tənqid edərək beynəlxalq aləmdə gözdən salmaqdır. Saxlanılan suriyalıların Fransadan DSGE-nin rəhbərliyi ilə Parisdəki “Hələbin Dostları Cəmiyyəti (Collectif des Amis d'Alep)” adlı qeyri-hökumət təşkilatı ilə əlaqələri üzə çıxıb. Bu casusluq fəaliyyəti Türkiyə kəşfiyyatı tərəfindən üzə çıxanda Fransa kəşfiyyatının tələbi ilə onlara rəsmi Parisin İstanbuldakı Baş konsulluğu təcili viza verib. Həmin şəxsləri xaricə qaçırmağa cəhd etsə də, təqib olunan şəxslər təhlükəsizlik qüvvələrimiz tərəfindən yaxalanıb”.

O, hesab edir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi sayəsində, bütün sahələrdə olduğu kimi casusluğa qarşı da birgə mübarizə aparmaqla, təhlükəsizlik sahəsində ortaq fəaliyyətlə uğurlu nəticələrə nail olmaq mümkündür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...