Toylarda “COVID pasportu” daha yoxlanacaq - RƏSMİ AÇIQLAMA

Toylarda “COVID pasportu” daha yoxlanacaq -
Karantin rejimi ilə bağlı bir neçə məhdudiyyətlər ləğv edilib.

Karantin rejiminin mövcud azsaylı tələblərindən biri də keçirilən şənlik mərasimləri ilə bağlı idi. Nazirlər Kabinetinin sonuncu qərarı ilə şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi aradan qaldırılıb.

Xatırladaq ki, ötən il iyun ayının 22-də verilmiş qərarla iyul ayının birindən şənlik mərasimi keçirilən məkanın sahibinin tədbir zalları, onların tutumu və işçi heyət barədə “icaze.e-gov.az” portalında qeydiyyat aparılırdı. Toyda iştirak vaksin pasportu ilə mümkün idi.

Bəs bu qərarın ləğvindən sonra toylarda iştirak etmək üçün “COVID-19 pasport”u tələb olunacaqmı? “COVID-19 pasportu” indi necə yoxlanacaq?

Gundeminfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Cebhe.info-ya bildirib ki, toylarda iştirak üçün vaksin tələbi qüvvədədir:

“Hansı ünvanda neçə nəfərlik toyun keçirilməsi ilə bağlı qeydiyyat məsələsi ləğv olunub. Toy mərasimlərində, kütləvi tədbirlərdə iştirak “COVID-19 pasportu” ilə mümkündür. Bu qaydada heç bir dəyişiklik yoxdur”.

Xatırladaq ki, qurum rəsmisi Elşad Hacıyev bir müddət öncə qeydiyyatla bağlı saytımıza bildirmişdi ki, qeydiyyat aparılması nəticəsində polis konkret məlumatlara sahib olur:

“Şənlik mərasimlərinin hansı restoranda, hansı saatda keçirilməsi ilə bağlı portalda məlumat olanda, biz də bu haqda məlumatlı oluruq. Ona görə də nəzarət qaydasında həmin ünvanlarda profiliaktik tədbirlər həyata keçirmək mümkün olur”.
İndiki halda, yəni qeydiyyat ləğv olunduqda polisin “COVID-19 pasportu”nu yoxlamaq üçün məlumatı haradan alacağı açıq qalır. Nazirlik rəsmisi bu suala aydınlıq gətirməyib.

Qeyd edək ki, pandemiya ilə bağlı toyların keçirilməsi 2020-ci ilin mart ayından qadağan olunmuşdu. Ötən il iyun ayının 22-də verilmiş yeni qərarla iyul ayının birindən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə verilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
98 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...