Leyla və Arif Yunusun cinayət işi üzrə icraat dayandırıldı

Leyla və Arif Yunusun cinayət işi üzrə icraat dayandırıldı
Hazırda Hollandiyada olan hüquqşünas Leyla Yunus və tarixçi həyat yoldaşı Arif Yunusun barəsindəki vaxtilə başladılmış cinayət işi ilə bağlı apellyasiya məhkəməsi təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, prosesə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyəti” tanınıb. Şikayət Yunusların müdafiəçisi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə 2020-ci ildə daxil olub. Lakin həmin vaxt təqsirləndirilən şəxslər Azərbaycanda olmadığı üçün iş qeyri-müəyyən vaxta təxirə salınıb. Yunuslar barələrindəki cinayət işi üzrə onlara bəraət verilməsini istəyirlər.

Əldə etdiyimiz məlumata görə, bugünkü prosesdə onların birbaşa iştirakı olmadan, videokonfrans vasitəsilə məhkəməyə qoşulması ilə bağlı vəsatətə baxılacaq. Vəsatət təmin olunarsa, Yunuslar xaricdən onlayn şəkildə məhkəmə prosesində tərəf kimi iştirak edə biləcəklər.

***

Leyla Yunusun vəkili Elçin Sadıqov "Qafqazinfo"ya bildirib ki, proses yekunlaşıb: "Məhkəmə öz təşəbbüsü ilə bu gün iş üzrə icraatı dayandırma ilə bağlı iclas təyin edib. Yekun olmayan məhkəmə aktı qəbul edildi. İcraat dayandırıldı. Yunusların prosesə onlayn qoşulması ilə bağlı vəsatətim isə təmin olunmadı".

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320-ci (rəsmi sənədləri saxtalaşdırma), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub. 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müvafiq olaraq Leyla Yunus 8 il 6 ay, Arif Yunus 7 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onların şərti olaraq azadlığa buraxılmasına qərar verib. Onlar azadlığa buraxılsa da, ölkədən çıxışlarına qadağa qoyulub. Daha sonra Ali Məhkəmə onların ölkədən çıxışına qoyulmuş qadağanı götürüb və hər iki şəxs Hollandiyaya köçüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...