AYB qurultay keçirmək üçün kredit götürüb? - sensasiyalı iddia

AYB qurultay keçirmək üçün kredit götürüb? -

Məlum olduğu kimi, bu ayın sonunda Azərbaycan Yazıçılar Birliyində qurultay keçiriləcək, növbəti mərhələdə sədrin kimliyi müəyyənləşəcək. Qurultay tarixinin təxirə salınması, yeni sədrlə bağlı müxtəlif fikirlər səslənsə də, birliyin hər bir üzvünün yeni mərhələ ilə bağlı öz gözləntiləri var. Yekun seçimə sayılı günlər qala “Yeni Müsavat” ilginc məlumat əldə edib. Məlumata görə, Yazıçılar Birliyi qurultayın keçirilməsi üçün kredit əldə edib.

Elçin Mirzəbəyli: “Yazıçılar Birliyi ədəbiyyatda inqilab edəcək, yaxud qarşısına belə missiya qoymuş təşkilat deyil”

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, məlumatın nə dərəcədə dəqiq olduğunu bilmir: “Yazıçılar Birliyi dövlət tərəfindən maliyyələşən qurumdur. Maliyyə ilə bağlı proseslərdən heç zaman məlumatım olmayıb. Qurultaylar Azərbaycan ədəbiyyatında hər zaman əhəmiyyətli olub. Əgər qurum mövcud standartlardan kənar daha geniş qurultay keçirmək istəyirsə və bunun üçün əlavə vəsaitə ehtiyacı varsa, kreditin götürülməsi, sahibkarlara müraciət edilməsi labüddür. Digər tərəfdən, qonaq sayı çoxdursa, ixtisar etmək olar. AYB ədəbiyyatda inqilab edəcək, yaxud qarşısına belə missiya qoymuş təşkilat deyil. Hazırda birlik ədəbiyyat nümayəndələrinin toplaşdığı görüş yeri funksiyasını daşıyır. Yazıçılar Birliyinə donor təşkilat kimi yanaşmaq, onu istedadı olmayan insanları şair, yazıçı etmək, dünya miqyasına çıxarmaq kimi funksiyaları yerinə yetirən qurum kimi görmək doğru deyil”.

Saymaz Aruz: “Belə bir məlumat var, lakin rəsmi təsdiqini tapmayıb”

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Saymaz Aruz isə “Yeni Müsavat”a bildirdi ki, belə bir məlumat var, lakin rəsmi təsdiqini tapmayıb: “Hətta bu həqiqət olsa belə, qəbahət nə var ki?! Bilindiyi kimi, qurultaya xarici ölkələrdən tanınmış ədəbiyyat nümayəndələri dəvət olunacaq. Pakistan, İsrail, Latviya, Litva, Moldova, Rusiyadan qonaqlar gələcək. Görkəmli qazax şairi, yazıçısı Oljes Süleymanovun iştirakı gözlənilir. Bildiyim qədəri ilə bir çox qonağın bileti alınıb. Seçim demokratik olacaq. Kim istəsə, namizədliyini verə, mübarizəyə qoşula bilər. Bildiyim qədər, Anar müəllim namizədliyini verəcək və mənə elə gəlir ki, yenidən seçiləcək. Görünən odur ki, Anar müəllim səs çoxluğu ilə seçiləcək. Biz də Anar müəllimi dəstəkləyirik. Ola bilər ki, Anar müəllim istəməsin. Ən azı ətrafında olan şəxslər yekdilliklə Anarı seçəcəklər”.

S.Aruz Cənubi Azərbaycan Komissiyasının sədri kimi yeni mərhələdə Cənubi Azərbaycan ədəbiyyatına daha çox diqqət ayrılacağına ümid edir: “Yazıçılar Birliyində Cənubi Azərbaycanla bağlı ya katib təyin olmalı, ya katiblik yaradılmalıdır. SSRİ zamanı ulu öndər Heydər Əliyev Balaş Azəroğlunun katib seçilməyini təklif etmişdi. Bu məsələyə diqqət yetirmək olar. Bununla bütöv Azərbaycan ədəbiyyatına xidmət etmiş olarıq. Amma hələ ki bununla bağlı heç bir məlumat yoxdur”.

Xəyal Rza: “Dövlət tərəfindən dəstək var, kredit alınması barədə məlumat həqiqəti əks etdirmir”

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza “Yeni Müsavat”a bildirdi ki, oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin qurultayının dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı elan olunacaq: “Qurultayın keçirilməsi üçün dövlət tərəfindən dəstək var, kredit alınması barədə məlumat həqiqəti əks etdirmir. Qurultay nəzərdə tutulan vaxtda yüksək səviyyədə təşkil ediləcək”.

Qeyd edək ki, AYB-nin 2400 nəfər üzvü var, 1987-ci ildən quruma xalq yazıçısı Anar rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...