Ən çox yayılan psixi pozuntu halları açıqlanıb

Ən çox yayılan psixi pozuntu halları açıqlanıb
"Ən çox rast gəlinən psixi pozuntulardan biri depressiyadır. Depressiyanın əsas əlamətləri daxili sıxıntı, narahatçılıq, bədbinlik, ümidsizlik, əhval-ruhiyyənin enməsi, həyatdan həzz alma qabiliyyətinin azalması və ya itirilməsidir (anhedoniya)".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Aydan Cabbarova deyib.

O qeyd edib ki, depressiya zamanı adətən bu simptomlar da mövcuddur - konsentrasiyanın pozulması, yorğunluq və ya enerji çatışmazlığı, yuxu və iştahanın pozulması: "

İstər əsas xəstəlik kimi, istərsə də istənilən psixi pozuntu ilə müştərək şəkildə depressiya geniş yayılıb. Bundan əlavə, tez-tez müşahidə edilən psixi pozuntulardan biri də bədən dismorfik pozuntudur. Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar. Bu səbəbdən də ilkin olaraq belə şəxslər plastik cərrah və kosmetoloqlara müraciət edirlər. Lakin əsas xəstəlik psixi pozuntu olaraq qalır və xüsusi müalicə tələb edir".

Onun sözlərinə görə, bir çox psixi pozuntular vaxtında aşkar edilmə və düzgün müalicə ilə aradan qaldırılır: "Bu gün psixi xəstəlik aşkar edilmiş şəxs müalicə aldıqdan sonra bir daha heç bir psixi pozuntudan əziyyət çəkməyə bilər. Belə olan halda keçmiş diaqnoz onun gələcəyinə təsir etməməli və həmin şəxs hər zaman psixi cəhətdən sağlam hesab edilməlidir".

Həkim-psixiatr eyni zamanda uşaqlarda psixi sağlamlığın göstəricilərinə də toxunub: "Uşaqların psixi vəziyyəti ətrafda baş verənlərə qarşı olduqca həssasdır. Uşaqların təfəkkür və qavrama funksiyaları yetkin şəxsdəki inkişaf səviyyəsinə çatmadığı üçün onların sağlam mühitdə böyüməsi xeyli önəmlidir. Sağlam mühit dedikdə onların düzgün qidalanması, təhsil alması, ünsiyyəti və bu kimi bir sıra digər amillər nəzərdə tutulur. Psixi cəhətdən sağlam bir uşaqda məktəbdə bilikləri yaşın uyğun dərəcədə mənimsəmə, yaşıdları ilə adekvat ünsiyyət saxlamaq, ictimai yerlərdə davranış qaydalarına riayət etmək qabiliyyəti olmalıdır. Tez-tez ailə münaqişələrinin şahidi olan uşaqlarda daha çox psixi pozuntulara rast gəlinir. Belə uşaqlar depressiyadan, obsessiv-kompulsiv pozuntudan, təşviş pozuntusundan əziyyət çəkir, gələcəkdə isə onlarda şəxsiyyət pozuntusunun yaranması riski yüksək olur. Buna görə də valideynlər uşaqlarını stres və problemlərdən mümkün qədər kənarda saxlamalı, onların fikrini təhsilinə, özünü inkişafa yönləndirməlidir".

Mütəxəssis depressiyada olan şəxslərin psixiatr məsləhəti olmadan antidepresantlar qəbul etməsini təhlükəli hesab edib: "Təəssüf ki, bir çox şəxslər antidepressantların yan təsirləri, fəsadları ola biləcəyi faktını nəzərə almır və təlimata uyğun olmayan şəkildə qəbul edir. Belə hallarda həm dərmana qarşı tolerantlıq yarana bilər, həm də yan təsirlər ciddi problemlərə yol aça bilər. Məsələn, antidepressantların əksəriyyəti qəbul olunduğu ilk günlər ərzində ürəkbulanma, başgicəllənmə, yuxululuq, bəzən həyəcan kimi əlamətlərə səbəb olur. Əgər psixiatr tərəfindən təyin edilmədən qəbul edilibsə, sözsüz ki, şəxs adıçəkilən əlamətlərlə bağlı suallarına cavab tapa bilmədiyindən dərmanı pərakəndə qəbul etməyə başlayır və ya dayandırır. Antidepressantı qəfil dayandırdıqda kəsilmə sindromu başlaya bilər. Bəzən əksinə, doza həddini aşırlar. Bu zaman serotonin sindromu kimi ciddi bir fəsadla üzləşirlər. Hər iki sindrom zamanı həkim nəzarəti mütləqdir. Bundan əlavə, dərmanlara qarşı yüksək həssaslığı da diqqətdə saxlamaq lazımdır. Xüsusən allergiyalı şəxslər psixiatrın nəzarəti olmadan antidepressant qəbul etməməlidir. Eyni zamanda, ürək-damar xəstəlikləri olan insanlara antidepresan qəbul etmək tövsiyə edilmir. Qan və laxtalanma ilə bağlı patologiyası olan şəxslər də xüsusi diqqətli olmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...