Şuşada şəhid olan Xalidin atasına Azərbaycan vətəndaşlığı niyə verilmir? - Ailəsindən AÇIQLAMA

Şuşada şəhid olan Xalidin atasına Azərbaycan vətəndaşlığı niyə verilmir? -
İkinci Qarabağ müharibəsi iştirakçısı, şəhid Xalid Mahmud oğlu Hassan 26 yanvar 1995-ci ildə Azərbaycanda anadan olub. 2014-cü ildə həqiqi hərbi xidmətdə olan Xalidin arzusu kəşfiyyatçı olmaq olsa da, atası xarici ölkə vətəndaşı olduğu üçün buna icazə verilmir.

2020-ci ildə könüllü olaraq müharibəyə qatılan Xalid 4 Noyabr 2020-ci ildə “Şuşaya nəzarət yolu” adlanan ərazidə şəhid olur.

Şəhidin atası Mahmud Hassan 2010-cu ildən təməlli olaraq Azərbaycanda yaşamasına baxmayaraq, vətəndaşlıq ala bilmir. Sənəd üzərində o, hələ də Misir Ərəb Respublikasının vətəndaşıdır.

Gundeminfo.az-ın məlumatına görə, şəhidin anası Maya Quliyeva Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, davamlı müraciətlərinə baxmayaraq ərizələri geri çevrilir:

“Hər il miqrasiya xidməti tərəfindən Mahmud Hassana Azərbaycanda qalmaq üçün verilən icazə bir il müddətində uzadılırdı. O, həqiqətən də Azərbaycan vətəndaşı olmaq istəyir. Oğlumuz şəhid olandan sonra isə Miqrasiya Xidmətindən bizimlə əlaqə yaradaraq dedilər ki, şəhid atası olduğu üçün ona verilən yaşamaq icazəsi müddəti 5 illik uzadılacaq. Yalnız bundan sonra vətəndaşlıq məsələsinə baxıla bilər. Halbuki vətənə şəhid vermiş bir ata kimi ən qısa zamanda Azərbaycan vətəndaşlığı almaq onun halal haqqıdır”.

Hazırda Ağdamın Quzanlı qəsəbəsində yaşayan şəhid anası oğlu Xalidin bircə balası haqqında da danışıb:

“Mən qaçqınlıqdan əziyyət çəkən bir ana kimi oğlumu həmişə milli ruhda böyütdüm. Xoşbəxtəm ki, oğlum Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşdü. Xalid şəhid olanda qızı cəmi 8 aylıq körpə idi. İndi artıq 3 yaşı olacaq.

O hər gün şəkillərinə toxunaraq atasını tanımağa çalışır. Körpə ilk addımlarını da atasının vəfat etdiyi şəhidlər xiyabanında atdı. Vaxt gələcək mən o körpənin əlindən tutub Şuşaya aparanda ona göstərəcəyəm ki, bax, sənin atan bu torpaqlar üçün canından keçib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...