Bu il 500-dən çox əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib
"Bu ilin 11 ayı ərzidnə 500-dən çox əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib". "Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib. O bildirib ki, bu il ərzində 38 mindən artıq əcnəbiyə Azərbaycanda müvəqqəti yaşama hüququ verilib: "3000-ə yaxın əcnəbi isə daimi yaşama hüququ alıb".
Rəis müavini deyib ki, dünyada 700 milyondan artıq şəxs öz ölkələrində məcburi köçkün kimi yaşayır: "Dünyada elə bir ölkə yoxdur ki miqrasiya problemi ilə üzləşməsin. Miqrasiyanın səbəbləri müxtəlifdir, insanlar öz ailəsi üçün yaxşı şərait yaratmaq üçün harasa gedirlər. Dünyada 250 milyona yaxın miqrant var. Dünyada 7 nəfərdən biri miqrant hesab olunur. Bu kiçik rəqəm deyil".
P.Musayev qeyd edib ki, Ermənistan ərazisindən qovulan 300 min azərbaycanlı, həmçinin işğal nəticəsində 700 minə yaxın Azərbaycan əhalisi köçkün vəziyyətə düşüb: "İşğal nəticəsində köçkünlük daxili miqrasiya hesab olunur. Ötən illər ərzində Azərbaycan bu prosesin öhdəsindən layiqincə gəlib. Azərbaycan miqrantların hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər görür".
824 dəfə oxundu