Həştərxanda Ümummilli lider Heydər Əliyev anıldı - FOTOLAR
Həştərxanda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Cari ilin dekabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Gundeminfo.az xəbər verir ki, əvvəlcə vilayətin qubernatoru A.Jilkin, Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, Təhsil naziri V.Qutman, şəhərin meri O.Polumordvinov, qubernatorun müşaviri İ.Mirişov, vilayətin Nərimanov rayon bələdiyyəsinin başçısı V.Aldcanov, Azərbaycan diasporanın rəhbəri Ə.Hüseynov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, vilayətin iş adamları, diaspor üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz Ulu öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoymuşlar.
Daha sonra Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə yuxarıda qeyd edilən qonaqların və məktəb kollektivin iştirakı ilə anım mərəsimi keçirilmişdir. İlk öncə məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulmuş, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilmişdir.
Mərasimdə çıxış edən vilayətin qubernatoru A.Jilkin, Təhsil naziri V.Qutman, şəhərin meri O.Polumordvinov, qubernatorun müşaviri İ.Mirişov, Azərbaycan diasporanın rəhbəri Ə.Hüseynov, məktəbin direktoru T.Tixomirova və şagirdlər Heydər Əliyevin fəaliyyəti, Ulu Öndərin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışmışlar.
Bildirilmişdir ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuşdur. Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyev Azərbaycanın dəyişməz və dönməz inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq qazanmışdır. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, onun dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.
Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının məhz Ulu Öndərin adını daşımasından fəxr etdiklərini bildirmişlər.
Bununla yanaşı həmin gün vilayətin rəhbərliyi və rəsmi qonaqlar Heydər Əliyev adına 11 nömrəli orta məktəbin qarşısındakı ərazidə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş və ümumi sahəsi 5 000 kv.m. təşkil edən Azərbaycan İş Mərkəzinin açılışı üçün aparılan tamamlama işləri ilə tanış olmuşlar.
1036 dəfə oxundu