Öldürülən iş adamının xanımı: "Həyatımız təhlükədədir"
Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur. Musavat.com xəbər verir ki, adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.
Məhkəmədə təqsirləndirilənlərdən Vüsal Kərimov müdafiəçisinin olmadığını, ondan imtina etdiyini söyləyib. V.Kərimov yeni vəkillə müqavilə bağlayacağı üçün məhkəmədən vaxt istəyib. Məhkəmədə mərhum iş adamı İlqar Məmmədovun xanımı çıxış edib.
O iddia edib ki, ötən prosesdən sonra təqsirləndirilən Vüsal Rüstəmovun anası onu ölümlə hədələyib: "Mənə dedi ki, səni də öldürtdürəcəm. Həyatımız təhlükədədir". Vüsal Rüstəmovun anası isə deyilənlərin yalan və böhtan olduğunu söyləyib. Növbəti məhkəmə prosesi noyabrın 27-nə təyin edilib. İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.
Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər. Təqsirləndirilən şəxslərdən Qalib Kərimov özünü qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özünü təqsirli bilməyiblər.
971 dəfə oxundu