Maşallah Əhmədovun məhkəməsində qalmaqal: "Pulumu istəmirəm, cəzasını alsın"

Maşallah Əhmədovun məhkəməsində qalmaqal:


Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Müşfiq Əliyev ifadə verib. Müşfiq Əliyev deyib ki, Fəqan adlı şəxsdən 1800 manat alacağı olub. Bunun qarşılığında Fəqan ona satmaq üçün yerə döşəmək üçün daş verib.

Şahid bildirib ki, həmin daşları sataraq öz pulunu da çıxarmalı idi: "Mənim "Baksol" yolunda sexim var idi. Fəqandan daşı alıb sexə gətirdim. Dedim ki, satacam, öz pulumu götürəcəm, qalanını da Fəqana qaytaracam. Bur neçə gün sonra Yusif, Maşallah və Qaçay seximə gəldilər ki, həmin daş bizimdi. Mən də Fəqana zəng elədim ki, bunlar nə deyir? Fəqan da dedi ki, yalandır. Sonra aralarında danışıq oldu. Fəqan dedi ki, onlar sənin pulunu verəcək, daşları onlara ver. Daşın bir hissəsini apardılar. Ancaq xeyli müddət keçsə də qalanını aparmadılar. Mənim 1800 manatımı vermədilər. Sonra mən seximin yerini dəyişdim. Zəng elədim ki, gəlib mallarını aparsınlar. Ancaq gəlmədilər. Mən də yenidən daşları həmin sexə apardım. Orda 20 kvadratmetrini 40 manatdan satdım. Əldə etdiyim 2000 manatın 1800-nü özümə götürdüm. 200 manatı da Maşallaha verdim. Qalan daşlar da qaldı sexdə".

Şahid deyib ki, Maşallah Əhmədovun birgə daş satışı həyata keçirdiyi Yusif Əzizova borcunun olmasından əvvəldən xəbəri olmayıb. M.Əliyev Binəqədi Polis İdarəsində cinayət işi açılandan sonra M.Əhmədovun Yusif Əzizova borcu olduğunu bidiyini söyləyib. Zərərçəkmiş Yusif Əzizov çıxışında bildirib ki, istintaq zamanı M.Əhmədova məxsus daşlar Mehdiabadda olan sexə gətirilib. Lakin o, həmin daşları istəmədiyini bildirib.

M.Əhmədov isə zərərçəkmişə deyib ki, daşları istəmirsə, geri qaytarsın. Bu zaman tərəflər arasında mübahisə düşüb. Y.Əzizov məhkəməyə bildirib ki, dəfələrlə M.Əhmədova daşlarını aparmasını təklif etsə də ikinci bununla razılaşmayıb. M.Əhmədov isə deyib ki, sexdən onun daşını vermirlər. Sonda tərəflər razılaşıb ki, M.Əhmədov məhkəmədən sonra sexə gedərək daşlarını götürəcək. Digər zərərçəkmiş Sərxan Hüseynov isə məhkəmənin uzanmasına etiraz edib: "Nə vaxta qədər gəlib-gedəcəyik?".

Hakim Mirzə Xankişiyev: "Məhkəmə bitənə qədər".

Maşallah Əhmədov deyib ki, zərərçəkmiş Sərxan Hüseynovdan sement alıb və indi əvəzini ödəmək imkanı var: "Cənab hakim, mən deyirəm ki, gəlsin aldığım sementin əvəzinə mal verim. Ancaq razılaşmır".

Zərərçəkmiş: "Yalan danışır. Keçən dəfə də dedi, amma göndərmədi".

M.Əhmədov: "Sən hara göndərəcəyimi demədin. Ona görə də göndərmədim. Ünvanı de, göndərim".

Hakim tərəflərə bildirib ki, işə məhkəmədə ədalətli şəkildə baxılacaq: "Əgər Maşallah Əhmədovun günahı olduğu sübut edilərsə, ona cəza təyin olunacaq. Ancaq dəymiş zərərin ödənilməsi ilə bağlı aranızda razılıq əldə edə bilirsinizsə, edin. Məhkəmə qərarını elan edəndən sonra gec olacaq. Maşallah Əhmədova cəza təyin olunarsa, o dəymiş zərəri ödəməyəcək".

Zərərçəkmiş Sərxan Hüseynov isə dəymiş zərəri yox, Maşallah Əhmədovun cəzasını almasını istədiyini söyləyib. Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin olunub. Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir. Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...