"Prezident dedi ki, adımıza ləkə gəlməsin" - NAZİR
“Ölkə başçısı bildirib ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Elə etmək lazımdır ki, Azərbaycan idmanına ləkə gəlməsin”.
AzVision.az-ın xəbərinə görə, bunu Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, idmanda dopinqə qarşı mübarizədə fəaliyyəti dünyanın tələblərinə uyğunlaşdırılmalıdır.
Nazir əlavə edib ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar, ölkəmizə dopinq məsələsində ciddi nəzarətə səbəb olub: “Beynəlxalq aləmin dopinq sahəsindəki mübarizəsini nəzərə alaraq Azərbaycan da, bu sahədə üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəlikləri yerinə yetirmək istiqamətində fəaliyyət göstərməli, bu sahəyə öz töhfəsini verməlidir.
İdmanda dopinqə qarşı mübarizə sahəsində yeni qanun hazırlanması ölkə başçısı İlham Əliyevə məruzə edilib. O da öz növbəsində bildirdi ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Ölkə başçısı onu da əlavə etdi ki, elə etmək lazımdır ki, Azərbaycan idmanına ləkə gəlməsin. Azərbaycan uğurlar əldə edib və bu uğurlar bundan sonra da davam etdirilməlidir. Odur ki, dopinqə qarşı ciddi mübarizə metodu hazırlanmalıdır”.
Nazir qeyd edib ki, Müstəqil Milli Anti-Dopinq Agentliynin yaradılması, idmanda manipulyasiyaya yol verilməməsi, idmançıya hər hansı formada təzyiqlər və idmançıda dopinqdən istifadə etməsinin vaxtında aşkar olunması üçün lazımı maddi-texniki bazanın yaradılması öz əksini tapmalıdır.
828 dəfə oxundu