SOCAR Bolqarıstanı enerji mərkəzinə çevirir

SOCAR Bolqarıstanı enerji mərkəzinə çevirir


4-5 sentyabr tarixlərində Bolqarıstanın Varna şəhərində "Balkan" qazpaylayıcı mərkəzinin yaradılmasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

"APA-Economics" xəbər verir ki, tədbirdə Böyük Britaniyanın BP, Almaniyanın RWE, Avstriyanın OMV, Azərbaycanın SOCAR, ABŞ-ın "Texas Cheniere Energy" və Rusiyanın "Qazprom" şirkəti kimi enerji nəhəngləri iştirak edəcək. Bununla yanaşı, konfransa Avropa Komissiyanın nümayəndələri də qatılacaq.

LAHİYƏNİN MAHİYYƏTİ


Qazpaylayıcı mərkəzin yaradılması ilə bağlı planlar ötən ilin fevralın 9-da Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan forumda açıqlanıb. Bolqarıstan hökuməti bildirir ki, sözügedən mərkəzin yaradılması Avropaya enerji daşıyıcılarının nəqlinin diversifikasiyasına şərait yaradacaq. Rəsmi Sofiyanın ambisiyaları yalınız Balkan yarımadasının qazpaylayıcı mərkəzinə çevrilməkdən ibarətdir.

Layihənin dəyərinə gəlincə, "Bulqartransqaz" şirkətinin baş icraçı direktoru Georgi Geqov bu yaxınlarda deyib ki, bu rəqəm 1,2-2 mlrd. avro civarında olacaq. Bolqarıstan mətbuatı isə yazır ki, yekun qiymət gələn ildən tez olmayaraq bəlli olacaq. Yeri gəlmişkən, sabahdan etibarən başlayan konfransda layihənin investisiya dəyəri də müzakirə ediləcək.

LAYİHƏNİN ŞAH DAMARI

Ehtimal olunur ki, qaz anbarlarına Azərbaycan, Türkmənistan, Rusiya o cümlədən Rumıniya və Bolqarıstan yataqlarından hasil olunan qaz vurulacaq. Bundan ardınca qazpaylayıcı sistem vasitəsilə alınan qaz kontinentin dərinliyinə - Bolqarıstandan Rumıniya və Serbiyaya nəql olunacaq.

Baxmayaraq ki, sözügedən layihənin yaradılması ideyası Rusiya "Cənub axını" layihəsindən imtina etdikdən sonra yaranıb, bolqar hökumətinin başçısı Boyko Borisov etiraf edib ki, Rusiya tərəfinin iştirakı olmadan layihənin reallaşdırılması mümkün deyil.

"Deutsche Welle" nəşrinə açıqlamasında Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun baş analitiki Yuriy Uşkov bildirib ki, Bolqarıstanın baş naziri bu açıqlaması ilə "Qazprom"dan hansısa formada dəstək gözləyir: "Ola bilər ki, Bolqarıstan "Qazprom"un Avropanın şərqinə boru çəkəcəyinə ümidlidir. Çünki layihənin təşəbbüskarları bilir ki, Azərbaycanın qaz ixracı ilə bağlı imkanları məhduddur. Azərbaycanın kifayət qədər böyük sayda iri müqavilələri var. Söhbət TANAP və TAP layihələrindən gedir. Azərbaycan Avropaya ildə 20 mlrd. kubmetr qaz göndərəcək. Bolqarıstan anlayır ki, digər mənbələrdən əldə olunacaq qaz ya bahalıdır, ya da onun həcmi iri deyil. Beləliklə, ümid qalır Rusiyaya... Xatırladıram ki, Rusiya Qaz dəniz sahilindən 31 mlrd. kubmetr qaz ixrac etmək iqtidarındadır. Sual yalnız ondadır ki, Rusiya hansı yolu seçəcək. Variantlardan biri budur ki, birgə layihə reallaşdırılaraq iki kəmər tikilə bilər. Hər kəmərin ötürücülük qabiliyyəti 15 mlrd. kubmetr ola bilər. Kəmərin biri Bolqarıstana, digər isə Türkiyəyədək uzanacaq".

"RusEnergy" konsaltinq şirkətinin tərəfdaşı Mixail Krutixin isə başqa fikirdədir. O bildirir ki, Bolqarıstan Rusiya qazını rahat şəkildə Azərbaycan qazı ilə əvəzləyə bilər: "Bunun üçün ilk növbədə 180 km uzunluğunda olan və Yunanıstanın Komoniti və Bolqarıstanın Staraya Zaqora məntəqələrini birləşdirən kəmər tikilməlidir. Beləliklə, Azərbaycan qazını alacaq. O ki qaldı Avropa İttifaqının digər ölkələrinə, onlar Bolqarıstanda yaradılacaq mərkəzdən qaz almaqda maraqlı deyillər. Əlbəttə, "Qazprom" İtaliyaya qaz nəql etməkdə maraqlıdır. Lakin unutmayaq ki, 2020-ci ildə İtaliyaya Xəzər dənizindən hasil olunan qaz nəql olunacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...