Avtobus sürücüləri 8 saatdan artıq işləyə bilməyəcək
Azərbaycanda "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" təsdiq edilib.
Virtualaz.org Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Qaydalar ölkədaxili avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejimini, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxslərin və fərdi sahibkarların, sürücülərin hüquqlarını, vəzifələrini, həmçinin Azərbaycan Respublikasının ərazisində rəqəmsal taxoqrafla təchiz olunmuş sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.
Qaydalara əsasən, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədi ilə aşağıdakı kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələrinin tipi təsdiq edilərək, ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir və yoxlamadan keçirilmiş taxoqrafla təchiz olunur:
sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar (M2 kateqoriyası); sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar (M3 kateqoriyası); yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası); yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası).
Qaydalara əsasən, Sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı bir ay qalmış sürücülərin nəzərinə çatdırılır.
Daxili intizam qaydaları və iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı iş vaxtının başlanma anı, avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görülüb başa çatdırıldığı an isə iş vaxtının bitmə anı hesab olunur. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.
889 dəfə oxundu