ƏT NİYƏ BAHALAŞIR ?

ƏT NİYƏ BAHALAŞIR ?
Son günlər Azərbaycanda ətin qiymətinin yenidən artacağı barədə xəbərlər yayılmaqdadır.

Mütəxəssislər bildirirlər ki, yaxın günlərdə Bakıda mal ətinin qiyməti 18–20 manat aralığında ola bilər. Qiymət artımının əsas səbəbləri kimi istehsal xərclərinin yüksəlməsi, yerli istehsalın məhdudlaşması və idxal prosesindəki çətinliklər göstərilir.

2025-ci ilin ilk yarısında mal ətinin qiymətində artıq artım müşahidə olunub. Belə ki, əvvəllər 15 manata satılan dana əti əvvəlcə 16 manata, daha sonra isə 17 manata qalxıb. Qoyun ətində də bahalaşma qeydə alınıb. Hazırda Bakıda və əsas regionlarda təzə qoyun ətinin kiloqramı 20–26 manat, keçi ətinin isə 18–22 manat arasında dəyişir.

Bazarda alternativ olaraq dondurulmuş idxal ətləri də satılır. Onların qiyməti nisbətən ucuzdur – mal əti üçün 14–16 manat/kq, toyuq əti üçün isə 6–7 manat/kq civarında.

“Heyvandarlıq inkişaf etmir, qiymət artımı qaçılmazdır”

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, ət bazarında qiymətlər tələb və təklif əsasında formalaşır. Buna görə də dəqiq müddət göstərmək çətindir.

Onun sözlərinə görə, orta müddətdə ətin qiymətində artım tendensiyası davam edəcək: “Ölkədə heyvandarlıq inkişaf etmir, saxlanılan heyvanların sayında isə azalma var. Tələbat isə azalmır. Baxmayaraq ki, qiymətlər yüksəlir, insanlar yenə də ət almağa çalışırlar. Son 10 ildə həm tələbatda, həm də ət kəsimində 20–25 faiz artım müşahidə olunub. Qiymətlər isə bu müddətdə ən azı iki dəfə bahalaşıb. Digər tərəfdən həm iri, həm də xırdabuynuzlu heyvanların sayı azalır, onların saxlanma xərcləri də artır.”

Ekspert əlavə edib ki, yaxın gələcəkdə heyvanların sayında ciddi artım baş verməsə və ya idxal böyük həcmdə həyata keçirilməsə, ətin qiymətində ucuzlaşma gözlənilmir.

Rəsmi statistika

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ölkə üzrə:

- 6 milyon 850,2 min baş qoyun və keçi,

- 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1 milyon 223,1 min baş inək və camış mövcud olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...