“Faizlə pul verən şəbəkənin üzvləri məni ölüm həddinə çatdırmışdılar”

“Faizlə pul verən şəbəkənin üzvləri məni ölüm həddinə çatdırmışdılar”
Yasamal rayon sakini Banuçiçək Abdullazadə təhdid edildiyini və anası ilə birgə yaşadığı mənzilin qeyri-qanuni şəkildə əllərindən alınmağa çalışıldığını bildirir.

“Qafqazinfo”ya müraciət edən edən B.Abdullazadə 2021-ci ildə COVID-19-dan vəfat edən atasının sonradan borclarının üzə çıxdığını bildirib.

O, borc verən şəxslərin daha sonra onu İçərişəhərdə anası ilə birgə yaşadığı evi satmağa məcbur etdiyini, müxtəlif vasitələrlə təhdid olunduğunu iddia edir: “Anam yataq xəstəsidir, atam Şahlar Abdullayev isə bizdən ayrı, başqa qadınla birgə yaşayırdı. 2021-ci ilin dekabrında atam, 10 gün sonra isə əmim rəhmətə getdi. Xəstəxanadan atamın bəzi əşyalarını mənə təhvil verdilər. Öz əşyaları, hər şeyi, sənədləri belə birgə yaşadığı qadında qaldı və həmin qadın bizə heç nə vermədi. Həmin vaxt atamın gödəkçəsindən onun şəxsiyyət vəsiqəsini tapıb götürdüm və bu sənədlə ölüm kağızını aldım”.

B.Abdullazadə bildirir ki, atasının telefonuna həmin vaxtlar ardıcıl zənglər gəlib: “Zənglərdən birini götürdüm, özünü İradə xanım kimi təqdim edən qadın atamın borcları olduğunu dedi, Nigar Əliyeva adlı şəxsin adını çəkdi. Həmin vaxt Nigar xanım da dayanmadan zəng edirmiş və mən ona geri zəng etdim. O da atamın 100 min dollar borcunun olduğunu bildirdi. Mən ondan sənədli sübut istədim və vatsapda yolladığı sənəddə 200 min dollar borc olması qeyd edilmişdi, yəni 340 min manat. Borc müqaviləsinin 14 saylı notariatda Qasımov Anar Akif oğlu adlı şəxslə bağlandığı yazılmışdı”.
“Faizlə pul verən şəbəkənin üzvləri məni ölüm həddinə çatdırmışdılar”

Şikayətçinin sözlərinə görə, Nigar Əliyeva ona atasının borclarını ödəməklə bağlı təzyiqlər edib: “Atamdan bizə, yəni anamla mənə İçərişəhərdə 200 kvadrat metr sahəli ev qalıb. Nigar dayanmadan evi satmağımı xahiş edirdi. Mən evi satışa qoydum, onun göndərdiyi “makler”lərlə əlaqə qurdum. Nigar xanım saflığımdan istifadə edərək manipulyativ yollara əl atırdı və həmin ərəfədə 1000 dollar pul da aldı. Mənə təzyiqlə hədə-qorxu gəlirdi ki, evi tez satsan, Anar sənə 40-50 min verəcək. Yox əgər sata bilməsəm, icra yolu ilə satdıracaq və həmin pulu da icra məmurlarına verəcək. “Özün bilərsən, qalacaqsan ananla çöllərdə” kimi sözlər deyirdi, məndən evin açarını istəyirdi ki, müştərilərə göstərsin. Hətta hansısa sənədə qol çəkməyimi və evi Anarın adına keçirməyimi də istəyirdi. Sonra onun zəngləri və səsləri daha aqressiv olmağa başladı. O qədər təzyiq edirdi ki, mən özümü öldürmək istəyirdim, çıxış yolum olmadığını hiss edirdim”.
Ətraflı

Banuçiçək Abdullazadənin sözlərinə görə İçərişəhərdə yerləşən və 200 kvadrat metrlik sahəsi olan evin qiyməti əslində 340 min manatdan xeyli bahadır: “Mənə göstərilən müqavilədə ipoteka müqavilə borcu yazılıb, amma qanunla qədim evlər ipotekaya düşmür. Eyni zamanda ev tarixi şəxs Nağı Mehdiyevə aid olub. O, Zaqafqaziyanın tütün fabriklərinin müdiri olub. Bu ev Qori Seminariyasının müəllimləri üçün ofis kimi də istifadə edilib. Yəni belə ev girov qoyula bilməz və qədim evlərə ipoteka verilmir. Mən araşdırdım, bu insanlar fiziki şəxslərə külli miqdarda faizlə pul verən şəbəkələrin üzvləridir. Kimlərinsə pul almasına vasitəçilik edirlər və bundan da xeyli faiz götürürlər”.

Artıq məsələ məhkəmədə mübahisələndirilib və proses davam edir. Abdullazadə deyir ki, birinci instansiya məhkəməsi onların lehinə qərar çıxarıb. Lakin iddiaya əsasən, Ədliyyə Nazirliyinin Bakı şəhər Səbail Rayon İcra və probasiya şöbəsi evi qeyri-qanuni şəkildə onlardan almaq istəyir: “Əvvəlcə vərəsəliyin tezliklə mənə keçməsinə və evi satmağıma çalışdılar. Mən vərəsəlik aldım və məhkəmə qərarı olmadan evi hərraca çıxardılar. Bu zaman məcbur olub məhkəməyə üz tutdum. Bizim məhkəməyə müraciət etməyimizi görüb geri çəkildilər və vəkilimə təklif etdilər ki, 1 il vaxt veririk, evi satın. Vəkilim notariatda kassa videosuna baxmaq üçün sorğu göndərib. Ancaq sorğu icra edilmir. Həm də Səbail Rayon Məhkəməsinin qərardadı ilə ev hərracdan çıxarılıb. Buna baxmayaraq Səbail Rayon İcra Şöbəsi tərəfindən şəxsi maraqlar əsasında qanunsuz olaraq xüsusi mülkiyyətdə olan və ümumi sahəsi 171 kv.m təşkil edən, Bakı şəhəri Səbail rayonu, M.Hüseyn küçəsi ev 69 mənzil 33, 34 və 35 nömrəli mənzillər hərraca çıxarılıb, şöbənin 4920/2023-16-12 saylı, 24.05.2023-cü il tarixli sifariş məktubuna əsasən, “Bakı Hərrac Mərkəzi” MMC tərəfindən hərrac bildirişi göndərilib”.

Hazırda evinin qanunsuz olaraq hərraca çıxarıldığını deyən B.Abdullazadə aidiyyəti qurumlara məsələ ilə bağlı müraciət etdiyini, həmçinin qanunsuz fəaliyyət göstərən faiz şəbəkəsi ilə bağlı Baş Prokurorluğa və DİN-ə müraciət ünvanladığını bildirib.

Qeyd edək ki, Banuçiçək Abdullazadə sosial şəbəkələrdə Çələbə Kəngərli adı ilə tanınır. Peşəkar fotoqraf olan B.Abdullzadə qeyd edilən mənzili həm də fotostudiya kimi istifadə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...