Vətəndaşdan generala müraciət – “Maşınım cərimə meydançasına qanunsuz aparılıb” (FOTOLAR)
Bakı sakini Sənan Qaravəliyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi general-mayor Ramiz Zeynalova müraciət edib.
O, müraciətin bir surətini də Qaynarinfo-ya ünvanlayıb.
Vətəndaş müraciətində yol polisi əməkdaşlarının qanunsuz əməllərindən şikayətlənir.
Sənan Qaravəliyev yazır ki, noyabrın 10-da səhər saat 8-də, Ağ Şəhər dairəsində DYP-nin 10 YP 498 nömrəli yol patrul xidməti idarə etdiyi 77 DV 890 nömrəli avtomobili saxlamaq işarəsi verib: "Heç bir yol hərəkəti qaydasını pozmadığım, əvvəllər də hər hansı pozuntuya yol vermədiyim və heç bir cəriməm olmadığı üçün öncə təəccübləndim, lakin yol polisi əməkdaşının tələbinə əməl edərək avtomobilmi saxladım. Mənə yaxınlaşan əməkdaş üzərimdən spirtli içki qoxusu gəldiyini bildirdi, razılaşmayaraq dedim ki, mən içkili deyiləm, hətta dünən də spirtli içki qəbul etməmişəm, hazırda isə işə tələsirəm. Belədə o, əlindəki müvafiq cihaza üfürməyimi istədi. Onun bu tələbinə də əməl etdim. Əməkdaş mənə cihazın spirtli içki qəbul etdiyimi təsdiqlədiyini bildirdi, lakin onu mənə göstərməkdən imtina elədi.
Belədə Dövlət Yol Polisi əməkdaşına dedim ki, əgər dediyiniz kimidirsə, analiz verməyə hazıram, analizin nəticəsi sözlərinizi təsdiqləsə, cəzamı çəkməyə hazıram. Bu arxayınçılığım əbəs deyildi, çünki bir daha bildirirəm ki, mən nəinki səhər, hətta dünən axşam və bütün gün boyu spirtli içki qəbul etməmişdim”.
Sənan Qaravəliyevin sözlərinə görə, DYP əməkdaşları onu "Qara Qarayev" metrostansiyası yaxınlığındakı poliklinikaya gətiriblər. Lakin sonradan deyiblər ki, bayram günləri olduğundan poliklinika işləmir: "Ardınca da onlara beş-üç manat hörmət etməyimi, işi bu cür yola qoymağımı və rahatca çıxıb işimin-gücümün dalınca getməyimi məsləhət gördülər. Mən razılaşdım, bir kağız uzadıb bura qol çəkməyimi, sonra da məsələnin bitəcəyini dedilər. Düşündüm ki, həqiqətən, bayram günləri olduğundan yol polisi əməkdaşlarının özləri də vaxt itirmək istəmirlər, ancaq ağlıma da gəlmədi ki, əslində mənə tələ qururlar.
Beləliklə, sadəlöhvcəsinə mənə uzadılan kağızı imzaladım, işin üstü də bununla açıldı: sənədlərimi də alıb maşını cərimə meydançasına apardılar. Bundan sonra mənə sənədlərimin Bakı şəhər Baş Yol Polisi İdarəsində olduğu deyildi, oradan gtürə biləcəyim söyləndi. Gəldim idarəyə və burada da təxminən 1 saat gözlədikdən sonra, səhər saat 10 radələrində sənədlərimi istəyərkən yenidən eyni haqsızlıqla üzləşdim: mənə içkili şəxsə oxşadığımı (bəli, nə qədər qəribə və gülməli olsa da, məhz oxşadığımı!) söylədilər. Etirazımı bildirdim ki, əgər içkili idimsə, məni niyə müvafiq analizdən keçirmədilər. Aldığım cavabdan şoka düşdüm: "Sən özün qol çəkmisən ki, hər hansı testə, analizə ehtiyac yoxdur!"
Mən imzaladığım kağızın bununla əlaqədar olduğundan xəbərsiz olduğumu deyib tələb etdim ki, şər-böhtanı ilə üzləşdiyim yol polisi əməkdaşlarının üzərindəki videokamera izlənilsin, danışıqlarım dinlənilsin, aramızdakı söhbətin necə olduğu aydınlaşdırılsın. Əlavə etdim ki, spirtli içki qəbul etmiş olsaydım yol polisi əməkdaşları ilə poliklinikaya nə üçün gedirdim, niyə qan analizi tələb edirdim?”
Ətraflı
Bundan sonra vətəndaş dərhal "Nizami" metrostansiyası yaxınlığındakı tibb məntqəsinə gedərək müvafiq analizlər verib nəticələrini alıb. Hətta bununla kifayətlənməyib Nəsirəddin Tusi adına klinikada da oxşar analiz verib: "Bütün nəticələr spirtli içki qəbul etmədiyimi, məndə hər hansı alkoqol əlaməti olmadığını təsdiqlədi. Bu barədə arayışların fotoşəkillərini əlavə edirəm. Bundan sonra yenidən Bakı Şəhər Baş Yol Polisi İdarəsinə qayıtdım, analiz nəticələrini təqdim elədim, lakin buna baxmayaraq aldadıb qol çəkdirdikləri kağız parçasını əsas gətirib sənədlərimi geri qaytarmaqdan və şəxsi avtomobilimi cərimə meydançasından azad etməkdən boyun qaçırdılar.
Artıq beşinci gündür ki, yol polisi əməkdaşlarının haqsızlığı, qanunsuzluğu ucbatından avtomobilsiz qalmışam, taksilərə pul tökməklə məşğulam, üstəlik, əsəblərim korlanıb, özümü təhqir olunmuş sayıram”.
Vətəndaş generaldan məsələni diqqətdə saxlamasını və baş verənlərlə bağlı obyektiv qərar verilməsini xahiş edir.
Sənan Qaravəliyev analizlərinin nəticələrini də redaksiyamıza təqdim edib.
BDYPİ-dən isə Qaynarinfo-ya bildirilib ki, vətəndaş rəsmi şəkildə quruma müraciət etsin.
Sənan Qaravəliyev isə rəsmi müraciət etdiyini, qurumun əlaqə telefonlarına dəfələrlə zəng vursa da, nəticəsi olmadığını deyir.
Vətəndaş məsələ ilə bağlı məhkəməyə də müraciət edəcəyini bildirib.
637 dəfə oxundu