Tiflis Moskva görüşündə bayrağının “iştirakına” niyə etiraz edir? – 3+3
"Moskvadakı tədbirdə Tiflisin iştirak etməməsinə baxmayaraq, Gürcüstan bayrağının təqdim olunması heç də təsadüf və ya qəsdən edilmiş addım deyil, normal haldır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri dekabrın 10-da 3+3 əməkdaşlıq platforması çərçivəsində Moskvada keçirilən görüşdə iştirak etməyən Tiflisin Gürcüstanın dövlət bayrağından istifadəni qəbuledilməz hesab etməsinə münasibət bildirərkən deyib:
"Təqdim olunan platforma 3+3 platformasıdır və hələlik onun dəyişdirilməsiylə bağlı konkret razılaşma və qərar yoxdur. Yalnız gələcək perspektivdə Gürcüstanın platformada olub-olmayacağı barədə konkret qərarlar verilə bilər. Regional əməkdaşlıq platforması olan 3+3 platformasının təşəbbüskarları Türkiyə və Azərbaycandır. Ona görə də Gürcüstanın bayrağının platformanın Moskvada keçirilən görüşdə yer alması vacibdir. Ancaq iştirak edib-etməməsi məsələsi artıq Tiflisin verəcəyi qərardır. Ona görə hər bir halda razılaşdırılmış platforma 3+3 platforması olduğundan Gürcüstan bayrağının sözügedən tədbirdə varlığı normal hal olmaqla yanaşı, vacib idi”.
Həmsöhbətimizin fikrincə, Gürcüstan bayrağının tədbirdə təmsil olunması həm də Tiflisə verilən bir mesajdır:
"Söhbət ondan gedir ki, Tiflisin də bu platformada iştirakı arzuolunandır”.
Qeyd edək ki, dekabrın 10-da Moskvada Türkiyə, Azərbaycan, Ermənistan, İran və Rusiyanın iştirakı ilə 3+3 platforması çərçivəsində görüş baş tutub. Gürcüstanın da orada iştirakı nəzərdə tutulsa da, Tiflis özünün iştirakının müzakirə predmeti olmadığını bəyan edib.
840 dəfə oxundu