Fərəc Quliyev seçkiyə qatılacaq? - “Kimin iştirak edəcəyi...”

Fərəc Quliyev seçkiyə qatılacaq? -
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən gün Milli Məclisdə boş qalan yerlərə seçkilərin keçiriləcəyi ilə bağlı açıqlama verib. MSK sədri bildirib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq".

Maraqlıdır, son seçkilərdə namizəd olub uğur qazana bilməyən namizədlər parlamentin boş qalan yerlərinə iddialıdır?

Son seçkilərdə 31 saylı Suraxanı II Seçki Dairəsindən namizəd olan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında seçki keçirilərsə, iştirak edəcəyini deyib: “Boş qalan yerlərə seçkilərin keçirilməsi normal haldır və izahını da verdilər ki, Azərbaycan üçün problem olan bütün məsələləri həll etməliyik. Milli Məclisdə də boş qalan yerlərə seçkilərin keçirilməməsi də irad tutulan məsələlərdən idi. Amma hələlik ölkə Prezidentinin Sərəncamı yoxdur. Sərəncam olandan sonra biz bu məsələni partiyada müzakirə edəcəyik. Amma prinsip etibarı ilə biz partiya olaraq bütün seçkilərdə iştirak edirik. Çünki əgər partiya mövcuddursa, onun seçkilərdə iştirakı vacibdir. Partiya olub seçkilərdə iştirak etməmək dəyirmançı olub dəyirmanda un üyütməməyə bənzəyir. Əgər partiya seçki yolu ilə hakimiyyətə gəlmək istəmirsə, onda şübhə yaradır. O mənada biz bütün seçkilərdə iştirak etmişik. Böyük ehtimalla bu seçkilərdə iştirak edərik. Amma kimin iştirak edəcəyi artıq qərardan asılı olacaq. Partiya olaraq mən iştirak tərəfdarıyam”.

Cebhe.info xatırladır ki, ötən ilin 9 fevralında 125 dairə üzrə keçirilən seçkilərdən sonra 4 dairənin- 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv olunub.

Beləliklə, parlament 121 deputatla öz işinə başlayıb. Ötən ilin 4 avqustunda isə 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov dünyasını dəyişib. Bununla da parlamentdə boş qalan yerlərin sayı 5-ə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...