“Cəmi 10 ay sonra zaman özü göstərdi” - İrana görə töhmət alan deputat

“Cəmi 10 ay sonra zaman özü göstərdi” -
“İranın Azərbaycana münasibəti bəllidir. Baxmayaraq ki, bizi əsrlərlə ölçülə biləcək ortaq dəyərlər, mənəvi bağlar, din və dil bağlayır, Tehran heç vaxt, xüsusən də müstəqillik tariximizdə bizə xoş niyyət sərgiləməyib. Ermənistan dalana çevriləndə onun üçün nəfəslik məhz İran olub, hətta, İrəvanın açıq müttəfiqi Rusiya belə, Ermənistana İran qədər havadarlıq etməyib”.

Bunu ötən ilin noyabrında Milli Məclisdə İranın Vətən müharibəsi dövründə Ermənistana verdiyi dəstəyi sərt tənqid edən və buna görə barəsində intizam tənbehi seçilən deputat Bəhruz Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 44 günlük savaş və müharibədən sonrakı situasiya İranın riyakar siyasətini əməli olaraq ortaya qoydu:

“Aydın oldu ki, İran üçün bir qorxu var, o da güclü Azərbaycan. İslam Respublikası göstərdi ki, hətta məsciddə donuz saxlayan erməniyə "dayı deməyə" hazırdır, təki Azərbaycan güclənməsin. Bu yolda İran heç bir imkan və vasitədən çəkinmədi, Ermənistana və Qarabağa karvanlarla naməlum yüklər, hansı ki, silah olması istisna deyildi, göndərdi. Ermənistanın yanacaq təminatı tam şəkildə İrandan asılı oldu və əmin edirəm ki, burada ticari maraqlarından söhbət getmir.

İranın amalı burada gün kimi aydındır. Yaxud, 30 il məscidləri, islam abidələrini, müsəlman qəbirlərini bir sözlə İslam dinini təhqir edənlə qol-boyun olan Tehran, əzəli Türk torpağı olan Qarabağı və məscidlərimizi tapdaqdan qurtarandan sonra bizə qarşı güc göstərişi üçün hərbi təlimlərə başladı.

Düzdür, bir şeyə nail olmadı, əksinə, öz helikopterlərini vurub rüsvay oldular, yaxud bəlli oldu ki, ordularında böyük bir kütlənin ürəyi Azərbaycanla döyünür. Yəni bu təlimlər İrana real gücünü və imkanlarını göstərmək baxımından yaxşı vasitə oldu. Lakin istənilən halda, sual verən lazım ki, bu 30 ildə hardaydın? 130 km-lik sərhəddinin o tayında separatçı və işğalçı qərar tutanda niyə bir dəfə təlim keçmədin? Fakt qarşısında qoyanda da dövlət səviyyəsində böhtan atırlar ki, İsrail qoşunları Azərbaycandadır. Bu qədər qeyri-ciddi, çürük və absurd siyasi xəttin tarixdə analoqu yoxdur”.

Deputat xatırladıb ki, 44 günlük savaşda da İran niyyətindən əl çəkmirdi, çoxsaylı faktlarımız var idi ki, İran ermənilərə necə yardım edir:

“Hətta, Ali səviyyədə bəyan edilirdi ki, Qarabağda ermənilərə qarşı terrorçular döyüşür. Bütün bunların fonunda mən də ötən ilin noyabrın 6-da Parlamentdə bir çıxış etdim və bir neçə tezis irəli sürdüm. Birincisi, bildirdim ki, İran dalanda olan Ermənistan üçün yeganə nəfəslikdir. Bilirsiniz ki, Ermənistana Gürcüstan və Türkiyə üzərindən silah daşınmasına icazə verilmirdi, yalnız İranla daşınırdı. Həmçinin İran işğalçıları yanacaqla təmin edirdi. Həmin faktların da artıq bu gün sübutuna ehtiyac yoxdur.

İkincisi, tələb etdim ki, İran tərəfi Qarabağda terrorçuların olduğunu iddia edirsə, buyursun açıqlasın, fakt göstərsin. Xatırlayırsınızsa, fevral ayında iranlı təxribatçı jurnalisti cənab ilham Əliyev də eyni arqumentlə susdurdu ki, deyirsənsə terrorçu var, buyur göstər. Çıxışıma hansı reaksiya gəldi özünüz şahidsiz, barəmdə intizam tənbehi tətbiq edildi.

Əlbəttə, belə bir məzmuna görə töhmət almaq mənim üçün baş aşağılığı gətirmədi, amma əminliklə hesab edirəm ki, bu qərar Azərbaycan parlamentarizm tarixində xoş olmayan bir səhifə kimi qalacaq. Bəziləri deyə bilər ki, İranla bağlı çıxışın yeri və zamanı deyildi, amma bu arqumentlər avantüradan başqa bir şey deyil, çünki İranın bizə münasibəti o vaxt indikindən daha yaxşı deyildi.

Mən İntizam komissiyasının qərarını, o cümlədən, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gözlənilməz bəyanatını mübahisələndirmədim. Habelə, bu istiqamətdə palaz-palaz yazılar paylaşıb bir-birini təkrar edən bir qisim media orqanlarına da cavab vermədim, o media orqanları ki, bu gün guya İrana qənim kəsiliblər. Hər şeyi zamana buraxdım və özünüz də şahidsiz ki, kimin haqlı, kimin haqsız olduğunu cəmi 10 ay sonra zaman özü göstərdi. Dəyişməyən bir şey oldu o da, mən o vaxt da ifadə etdim, bu gün də fəxrlə bildirirəm ki, cənab İlham Əliyevin siyasi xəttinə sadiq qalaraq xidmətimi davam edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...