İran təlimə cəlb etdiyi hərbçiləri ac saxlayır: “Bölgədə ərzaq qıtlığı yaranıb”- Əhməd Obalı
“Həmədan və Zənganın artilleriya taborları, Marağanın zirehli taboru, 321 -ci piyada və hücum briqadası və SEPAH-ın briqadası "Baba Yəqub" yüksəkliklərinə yerləşdirilib.
Bu “hərbi təlim” adlanan əzələ nümayişi ilə İran rejiminin məqsədi qonşu dövlətlərə, əsasən də Azərbaycan Respublikasına psixoloji təzyiq göstərməkdir”-bunu Əhməd Obalı Günaz.TV-yə açıqlamasında bildirib.
“Bizə verilən məlumata görə, hərbi texnika və silah-sursat daşıyan yararsız iri yük maşınlarından (TIR) biri Araz çayına düşüb”-deyən Əhməd Obalı bildirib ki, tez-tələsik başlanan hərbi təlimlər İran ordusunun bir sıra maddi-texniki problemlərini və ərzaq təminatındakı çatışmazlıqları ortaya çıxarıb.
.
Əhməd Obalı bildirib ki, bölgəyə cəlb edilən hərbi qüvvələrin ərzaq və sanitar təminatında ciddi problemlər yaranıb.
Çörək, yumurta və digər ərzaq məhsulları çatışmır: “Hərbçiləri sanki gövdə göstərisi, əzələ nümayişi üçün bölgəyə tələsik gətiriblər. Hərbi təlim keçirilən ərazidə hərbçilər üçün heç bir səyyar xidmət infrastrukturu yaradılmayıb.
Hərbçiləri ərzaqla təmin etmək üçün Culfa şəhəri və ətraf kəndlərin mağazalarında ərzaqlar toplanıb.
Hərbçilərin qida ilə təminatı bərbaddır. Rejim hərbçiləri qida ilə təmin etmək üçün mülki əhalinin ərzağına əl uzadıb. Aldığımız məlumata görə, bölgədə ərzaq böhranı yaranıb.
Çörək, yumurta kimi gündəlik tələbat malllar qəhət çəkilib. Bu isə bölgədə ərzaq qıtlığı yaradıb, əhalinin narazılığına səbəb olub”.
Əhməd Obalı bildirib ki, “hərbi təlim” gözlənilən effekti verməyib.
“İran ordusunun “hərbi təlim”i rüsvayçılıqla nəticələnib, əks-effekt verib. Sırf qonşuları qorxutmaq, psixoloji təzyiq etmək üçün tez-tələsik ordunu Araz kənarına cəmləyiblər.
Özü də hərbi təlimə cəlb olunmuş şəxsi heyətin-hərbçilərin sayı deyildiyi qədər çox deyil. Ən yaxşı halda bölgəyə 2 min, 2 min 500 hərbçi cəlb edilib. Bu “hərbi təlim” əksinə İran ordusunun hərbi hazırlığının aşağı və maddi təminatının isə bərbad olduğunu göstərdi”.
1027 dəfə oxundu