Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
“Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyin yaranmasına mane olur”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısında deyib.
Ölkələr arasındakı münasibətlərin dərinləşdirilməsində parlament diplomatiyasının önəminə toxunan Oqtay Əsədov bu sahədə Azərbaycanın həm Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində, həm də ikitərəfli münasibətlərdə səmərəli işlər apardığını vurğulayıb.
Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən beynəlxalq layihələri xatırladan Oqtay Əsədov bölgə ölkələri arasındakı münasibətlərin dərinləşdirilməsinə Ermənistanın işğalçılıq siyasətinin maneçilik törətdiyini deyib.
“Münaqişələr bölgənin çiçəklənməsinə maneələr yaradır. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi nəinki ölkəmizin inkişafına mane olur, regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir. Əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövlətlər arasındakı münasibətlərin başlıca prinsipi olan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində yaxın gələcəkdə həllini tapar. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın yeni səhifələrini aça bilər”, - deyə Oqtay Əsədov əlavə edib.
1171 dəfə oxundu