Gürcüstana buraxılmayan keşiş Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır

Gürcüstana buraxılmayan keşiş Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır

Gürcüstan XİN Qaxın Müqəddəs Georgi kilsəsinin başçısı Demetre Tetraşvilinin Azərbaycan ərazisinə buraxılmasından imtina ilə bağlı bəyanat yayıb. Turan agentliyinə daxil olmuş sənədin mətnində deyilir:

“İyunun 21-də Azərbaycanın Qax rayonundakı Müqəddəs Georgi kilsəsinin başçısı Demetre ata (Tetruaşvili) Gürcüstandan qayıdarkən Laqodexi-Balakən sərhəd məntəqəsində Azərbaycan Sərhəd Xidməti onun ölkəyə daxil olmasına icazə verməyib.
Gürcüstan səfirliyi operativ şəkildə Azərbaycanın müvafiq qurumları ilə əlaqə yaradıb. Azərbaycan tərəfin verdiyi açıqlamaya görə, yerli qanunvericiliyə əsasən, Azərbaycan ərazisində dini xidmət göstərmək hüququna yalnız Azərbaycan vətəndaşları malikdir və məhz bu, Gürcüstan din xadiminin ölkə ərazisin buraxılmasından imtinaya səbəb olub”.

Gürcüstan Patriarxiyası Müqəddəs Georgi kilsəsinin başçısız qalmaması üçün bu kilsənin başçısının Azərbaycan vətəndaşlığını qəbul edib ölkə ərazisində öz fəaliyyətini yerli qanunvericilik çərçivəsində həyata keçirməsinə razıdır, deyə bəyanatda qeyd edilir. Bir neçə il ərzində Azərbaycan tərəfi Gürcüstan pravoslav kilsəsi üçün istisna edirdi, baxmayaraq ki, bütün digər dini konfessiyaların din xadimləri Azərbaycan vətəndaşlarıdır.

“Gürcüstan tərəfin xahişi ilə 1 iyun 2015-ci ilə qədər Azərbaycan tərəfi Gürcüstan tərəfə yuxarıda qeyd edilən qanunun yerinə yetirilməsi tələbini bir neçə dəfə təxirə salıb. Müddət bitdikdən sonra Azərbaycan tərəfi Gürcüstan din xadiminin Azərbaycan ərazisində Azərbaycan qanunvericiliyinə uyğun şəkildə xidmət göstərə bilməsi üçün müvafiq sənədləri hazırlamağı tələb edib”, deyə Gürcüstan XİN-in bəyanatında bildirilir. Xatırladaq ki, Azərbaycanın Qax, Balakən və Zaqatala rayonlarında minlərlə gürcü sıx şəkildə yaşayır. Onların bir hissəsi islam dininə etiqad edir, bir hissəsi isə pravoslavdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...