Siyavuş Novruzov: Lavrovun Bakı səfəri müəyyən ümidlər verir

Siyavuş Novruzov: Lavrovun Bakı səfəri müəyyən ümidlər verir


Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çox müsbət haldır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən ümidlər verir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər xeyli artıb.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu işdə xüsusi fəallıq göstərməsi, prezidentlərin görüşünü təşkil etməsi, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri müsbət addımlardır və münaqişənin həllinə ümidlər yaradır.

S.Novruzov aprel döyüşlərinin Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını, əksinə, hər zaman alovlana biləcəyini göstərdiyini bildirib. O qeyd edib ki, aprel döyüşləri Ermənistanın Azərbaycandan xeyli geri qaldığını, Azərbaycan qarşısında tab gətirmək iqtidarında olmadığını bir daha ortaya çıxardı: “Eyni zamanda ermənilərin beynəlxalq aləmdən dəstək almaqla bağlı ümidləri özünü doğrultmadı. Beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanı müdafiə etmədi, Azərbaycan ərazilərinin işğal olunduğunu bəyan etdilər”.

YAP rəsmisi bildirib ki, Azərbaycan öz ərazilərinin işğal altında qalması ilə uzun müddət razılaşa bilməz: “Artıq 20 ildən çoxdur ki, münaqişə həll olunmamış qalır. Əgər bundan sonra münaqişə qısa müddətdə həll olunmasa, Azərbaycan digər yollardan istifadə edə bilər. Azərbaycan qüdrətli dövlətdir və güclü ordusu var. Lakin dövlətimiz münaqişənin sülh yolu ilə həll olunmasını istəyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...