Tural Abbaslı:“Müsavatın yürüş qərarı yanlış idi”
“Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşü ilə bağlı qərar yanlış idi”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
O bildirib ki, etiraz yürüşü ilə bağlı qərar verilərkən bəzi nüanslar nəzərlə alınmayıb.
Onun sözlərinə görə, hazırda Müsavat üçün əlverişli siyasi dönəm deyil: “Müsavat Partiyası 100 ilin partiyasıdır və bu müddət ərzində Müsavatda elektorat problemi olmayıb. Amma dönəm-dönəm hər bir partiya gərgin məqamlardan keçib. Bu gün də Müsavat Partiyası üçün əlverişli siyasi dönəm deyil. Bu dönəmdə partiya rəhbərliyində olan şəxslər zamanına uyğun qərarlar və addımlar atmalıdırlar. Yəni, bugünkü siyasi şəraitdə bütün faktorlar nəzərə alınaraq qərar verilməlidir. Ancaq belə görünür ki, rəhbərlikdə olanlar ya bu məsələləri nəzərə almırlar, ya da nəzərə alacaq təcrübələri yoxdur ki, belə vəziyyət yaranır. Yürüş-mitinq keçirmək hər bir partiyanın hüququdur. Ancaq bu gün mitinq keçirmək istəyiriksə, bunu keçmiş “Məhsul” stadionunda da edə bilərik. Biz dost olmayan siyasi qüvvələrin qərəzli analizlərinə şərait verməmək üçün gərək addımlarımızı ölçüb-biçib ataq. Mitinq qərarının verilməsində bəzi boşluqlar var idi, bu gün də bu qərarların acı nəticəsini görürük. Bu baxımdan mən hesab edirəm ki, mitinq qərarı hərtərəfli müzakirə olunmadan verilmişdi. Cəmiyyətdəki siyasi aktivlik analiz olunsaydı, indiki məqamda mitinq qərarı verilməzdi”.
Xatırladaq ki, Müsavat Partiyası aprelin 19-na etiraz yürüşü təyin etsə də, Bakı Şəhər İcra Hakimiyyəti buna razılıq verməyib. Əvəzində partiyaya keçmiş “Məhsul” stadionunda mitinq keçirmək təklif olunub. Lakin Müsavat bu təklifi qəbul etməyib.
2835 dəfə oxundu